Məzmuna keç

Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz

Vikimənbə saytından
Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz
Müəllif: İmadəddin Nəsimi


Can eşqə düşdü, ey könül, yarəb, nədir tədbirimiz?
Can neyləsin, biçarə, çün həqdən budur təqdirimiz.

Mişkin saçın eşqi bizi zəncirə çəkdi, bağladı,
Yə’ni ki, biz məcnunlarız, şol həlqədir zəncirimiz.

Saqi ləbindən doğmuşuz, yə’ni ki, beydən lam ilə,
Fitrət günündən ta əbəd şol dayədəndir şirimiz.

Şol gözlərin kirpiginə aşiq necə seyd olmasın,
Gör kim, nə yaydandır gələn şol zəxmə mərhəm tirimiz.

Çün qirü qarın qiymətin mə’nidə bildin kim, nədir,
Kafura döndü qarımız, həm ənbər oldu qirimiz.

Zöhdü səlahü tövbənin ərkanın əhli-zərqə sor,
Eşqə mürid olduq, bu gün eşqi-əbəddir pirimiz.

Dövründə meygun gözlərin abidlərin, zahidlərin
Zikri budur dilində kim, va zərqü va təzvirimiz.

Eşq əhli iqlimində çün hüsnündür, ey dilbər, məlik,
Hökmünə məhkum olmuşuq, sultanımızdır, mirimiz.

Əshabi-kəhfin sirrini görmüş liqayi-Turə sor,
Niçün ki, "vəttur" əhlinin kəhfindədir Qətmirimiz.

Şol sünbüli-pürçin ilə sevdayə düşdüm, nedəvüz,
Tüccariyiz hüsnün, budur kisbatilə kəşmirimiz.

Qur’andır anın surəti, aydır Nəsimi, şək degil,
Münkir əgər yox derisə, uş müshəf, uş təfsirimiz.