Məzmuna keç

Cana, sǝnin camalını can afitab oxur

Vikimənbə saytından
Cana, sənin camalını can afitab oxur
Müəllif: Şah İsmayıl Xətai


Cana, sǝnin camalını can afitab oxur,
Hüsnün kitabi-şǝrhini ümmülkitab oxur.

Xublar yüzünǝ baxmağı zahid günah deyǝr,
Aşiqlǝr ol günahı hǝmişǝ sǝvab oxur.

Bülbül oxurdu gülşǝni-hüsnün süfatini,
Dil gördü gül yüzüni, sözünǝ cǝvab oxur.

Hǝr xǝstǝ dil ki, badeyi-eşqinlǝ oldu mǝst.
Çeşmini saqi, lǝlini cami-şǝrab oxur.

Miskin Xǝtai yetmǝk üçün xaki-payinǝ,
Hǝrdǝm dilindǝ ayǝti "Künti-türab" oxur.