Canana mənim sevdiyimi can bilir ancaq
Görünüş
Canana mənim sevdiyimi can bilir ancaq Müəllif: İmadəddin Nəsimi |
Canana mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq.
Bildim, tanıdım elmdə mə’budu, yəqin ki,
Şöylə bilirəm kim, anı Qur’an bilir ancaq.
Abdal oluban bəylik edən arifi gör kim,
Bu səltənətin qədrini sultan bilir ancaq.
Sufimidir ol cami-müsəffasına məşğul,
Pünhani içər eylə ki, şeytan bilir ancaq.
Ey saqi, gətir dövr əyağını dövr eləsün kim,
Bu dövr əyağın dövrünü dövran bilir ancaq.
Könlüm gəmisin qərq edə gör eşq dənizinə
Kim, bu dənizin bəhrini ümman bilir ancaq.
Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq.