Carçıboğan

Vikimənbə saytından
Əfsanələr. Carçıboğan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Belə danışırlar ki, Topal Teymurun oğlu Miranşah Əlincə qalasına hücum edəndə ətrafdakı kəndlərə də olmazın zülm edir, onlardan ağlasığmaz xəraclar istəyir. O, öz carçılarını kəndlərə göndərib car çəkdirir ki, əlincəlilərlə dilbir-əlbir olan adamlara divan tutacaq. Carçılar dəvəyə minib kəndlərə, obalara gedir, car çəkməyə başlayırlar.

Bir gün də bu carçılardan biri Muğan kəndinə gedir. Camaata hədə-qorxu gələ-gələ car çəkir:

– Əlincəlilərə kömək edən dünya üzünə həsrət qalacaq.

– Əlincəlilərə kömək edən çaya atılacaq.

– Əlincəlilərə kömək edənlərin kəndi viran qalacaq...

Carçının bu hay-küyünü eşidən kənd camaatı qəzəblənib Miranşaha söyüşlər yağdırıb carçıları dəvənin üstündən yerə salıb boğur. Sonra da ölüsünü dəvəyə sarıyıb Miranşaha göndərirlər. Bı hərəkət Miranşaha çox ağır gəlir. O, bu təhqirə dözə bilməyib Muğan kəndinə qoşun çəkir. Kənd camaatı Miranşahın qoşununa qarşı çıxır. Bərk vuruşma olur. Muğanlıların çoxusu ölür. Qanlı vuruşmadan qorxuya düşən arvad-uşağın bağrı çatlayır. Bu qisasdan sonra da Miranşahın ürəyi soyumur. O, bütün kənd camaatına ölüm hökmü verir. Sərkərdələrdən biri məsləhət görür ki, adamları qılıncdan keçirsinlər. Miranşah qəzəblə qışqırır:

– Carçıboğanları boğmaq lazımdı.

Vuruşdan sağ qalmış beş-üç kəndlini də Miranşahın buyruğu ilə boğub Arpaçaya atırlar.

Elə o vaxtdan Muğan kəndinin adı Carçıboğan qalır. Kəndin indiki adı Çərçiboğandı. Tarixi əfsanələr