Ceyranım

Vikimənbə saytından
Ceyranım
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

İntizarın üzdü, bir insaf eylə,
Qıyma cavan ömrüm sola, ceyranım.
Bağladın könlümü sən şirin dillə,
Bəsdi, çəkmə məni ala, ceyranım.

Qaşların özündən sürməli imiş,
Hüsnün nə əcəb görməli imiş.
Gözlərinə ömür verməli imiş,
Dodaqların bənzər bala, ceyranım.

Eşqindən dəliyəm, peymanın bumu?
İzin ver boynuna salım qolumu.
Təmiz ilqarına bağlı arzumu,
Qoyma ürəyimdə qala, ceyranım.

Vurğunam ilk gündən ay camalına,
Kimsə çata bilməz, yar kamalına.
Yetir Məmmədhüseyni xoş vüsalına,
Salma onu qilü-qala, ceyranım.