Məzmuna keç

Ceyranın nağılı

Vikimənbə saytından
Ceyranın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşah var idi. Bu, çox zalım padşah idi. Özü də böyük tilsimkar idi. Dünyada padşah yox idi ki, bu Hind padşahından inciməyə. Bu padşahın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün hər tərəfdən elçi gəlib istəyirdilər, amma padşah qızı heç kimə vermirdi. Sənə xəbər verim Rum padşahının oğlundan. Rum padşahının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdisə də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi. Rum padşahının oğlu əlacsız qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərsi oxumağa. Nə ki, tilsim var idi öyrənəndən sonra qayıdıb gəlmişdi Hində, xəbər göndərmişdi Hind padşahına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dünyada, ya da mən. Elə ki, bu xəbər gəlib çatdı, Hind padşahı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi: – Vəzir, tədbir gör mənə! Rum padşahının oğlu Əhməd gəlib. Özü də tilsimin bütün açarlarını bilir. Əgər başlasam davaya gücüm çatmaz.

Vəzir dedi: – Padşah sağ olsun, gəl bir dəmir sandıq qayır, qonaqlıq çağır, qonaqlığa Rum padşahının oğlu Əhmədi də çağır, ver bihuşdarını ona, sal sandığa, itir getsin. Padşah vəzirin tədbirinə razı olub, Rum padşahının oğlu Əhmədə xəbər göndərdi ki: “razıyam, özü də bu gecə mənə qonaqdı”. Əhməd razı olub, durub gəldi Hind padşahının evinə qonaq. Bir az danışıb güləndən sonra araya süfrə gəldi. Padşah tez durub getdi aşbazın yanına, Əhmədin xörəyinə bihuşdarı töküb, qayıtdı oturdu yerində. Xörək araya gəlib bismillah eləyən kimi Əhməd bihuş olub yıxıldı yerə. Hind padşahı o qədər yanırdı Əhmədin əlindən ki, o saat Əhmədi saldı sandığın içinə, üstəlik bir tilsim də oxuyub döndərdi tüstüyə, sandığın ağzını bağlayıb götürdü gəldi imarətinin dalında bir məndəcər var idi, həmin məndəcərin günçıxan əlində bir dərin quyu qazıyıb, sandığı salıb quyuya, quyunu da torpaqlayıb, çıxıb getdi. Padşah həmin gün bir imarət tikdirib Zərğova xanımı köçürtdü təzə imarətə ki, quş quşluğu ilə qızı görməsin. Bunlar burda qalsın, sənə xəbər verim Hind vilayətindən. Hind vilayətində Rizvan adında kasıb bir kişi olurdu. Bunlar bir ər idi, bir də ki, arvad. Rizvanın əlindən heç bir sənət gəlməzmiş, təkcə odunçuluqdan başqa. Səhər durub oduna gedərmiş, axşam olan kimi qayıdıb evə gələrmiş, az-çox qazandıqlarından yeyib, başlarını bir təhərnən dolandırarlarmış. Bir gün Rizvan səhər durub oduna gedir. Bir şələ yığıb, götürüb gəlir bazara. Satan macalda padşahın darğası gəlib Rizvanı tutur. Odununu şələ ilə əlindən alıb, özünü də döyüb qovur. Rizvan bir başına, bir döşünə vurub ağlaya-ağlaya gəlib padşahın elçi daşının üstə oturub gözləyir. Qədimlərdə hər padşahın özünə görə bir elçi daşı var idi. Kimin nə dərdi olsaydı, gəlib oturardı elçi daşının üstündə, padşah xəbər göndərərdi ki, elçi gəlib. Padşah izin verəndən sonra, gəlib elçi daşının üstündə oturanı aparardılar padşahın yanına. Rizvan da elçi daşının üstündə oturmuşdu. Padşaha xəbər getdi ki, elçi daşının üstündə bir nəfər gəlib oturubdu. Padşah dedi: – Gedin, görün nə istəyir? Gəlib Rizvana dedilər: – Neyçün oturmusan elçi daşının üstündə? Diləyin nədi? Rizvan dedi: – Mən padşahı görmək istəyirəm. Qayıdıb padşaha xəbər verdilər ki, elçi daşının üstündə oturan səni görmək istəyir. Padşah dedi ki: – Gedin çağırın! Padşahın adamları gəlib Rizvanı götürüb, gəldilər padşahın yanına. Rizvan ədəb salamını verib dayandı. Padşah xəbər aldı: – Nəyə gəlmisən? Diləyin nədi? Rizvan dedi: – Padşah sağ olsun, bir şələ odunum var idi. Sənin darğan tutub aldı əlimdən. Padşah əmr verdi ki: – Darğanı çağırın gəlsin! Darğanı çağırdılar, gəldi padşahın hüzuruna. Padşah dedi: – Bu kişinin odununu ver. Darğa dedi: – Padşah sağ olsun, odunu işlətmişəm, pulu nə qədər eləyir, verim. Rizvan dedi: – Mən pul istəmirəm, mən öz odunumu istəyirəm. Padşah Rizvana hər cür odun verdi, pul verdi, Rizvan almayıb dedi: – Mənə ancaq öz odunum gərəkdi. Verməsəniz çıxıb bazara size biabır eləyəcəyəm. Padşah dedi: – Rizvan, gəl odunun adını çəkmə! Nə sənət bacarırsan verim sənə, işlə, iki o qədər qazan! Rizvan bir qədər fikrə getdi. Haçandan-haçana başını qaldırıb, padşahın üzünə baxıb dedi: – Padşah sağ olsun, bağbanlıq bacararam. Padşah dedi: – Elə mənə bağban gərəkdi. Eybi yoxdu. İndi ki, ürəyindən bağbanlıq keçir, get mənim imarətimin dalında məndəcər bir yer var, o yeri verdim sənə. Amma günçıxan yerdə bir çökək məndəcər yer var, nəbadə o yerə dəyəsən. Rizvan günü səhərdən başladı bu məndəcəri belləyib bağ salmağa. Nağıllarda ay, il tez başa gələr. Çox çəkmədi, Rizvan burda bir bağ saldı, gəl görəsən... Bağı becərəndən sonra padşaha xəbər göndərdi ki, bağ hazırdı, gəlsin baxsın. Padşah vəziri, vəkili çağırıb cəmləşdilər bir yerə, durub gəldilər Rizvanın bağına tamaşa eləməyə. Padşah bağa girən kimi gördü ki, Rizvan burda bir bağ salıbdı, gəl görəsən. Bura hər cür ağacdan, güldən əkib... Bura olub bir laləzarlıq. Gül bülbülü çağırır, bənövşələr açıb, ağacdakı meyvələr dəyib, elə bil behiştin bir guşəsidi. Padşah Rizvana afərin deyib bağı dolandı, gedən macalda Rizvana bir kisə qızıl verib çıxıb getdi. Padşah bu bağı saldı öz adına. Padşah çıxıb gedəndən sonra Rizvan bir gün əlinə bel alıb o baş, bu başa gəzirdi, birdən yadına düşdü ki, padşah ona demişdi, gün çıxan yerdə məndəcər bir yer var oranı işləmə. Rizvan şübhələnib dedi, görəsən burda nə var ki, padşah razılıq vermir. Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var. Rizvan alıb əlinə beli, başladı bu məndəcər yeri belləməyə. Belləyən vaxtı gördü ki, yerin altından səs gəlir ki: – Ey Rizvan, nə üçün məni qoymayırsan rahat yatmağa? Rizvan bu səsi eşidən kimi qorxuya düşüb qaçdı. Axşama kimi bağa girmədi. Səhər tezdən arvadına dedi: – Arvad, get bağa, filan məndəcərlikdə bel qoymuşam, onu götür, gəl! Rizvanın arvadı Nisə durub gəldi bağa, həmin məndəcərlikdəki beli götürüb gəlmək istəyirdi ki, birdən yer altından səs gəldi: – Ay Nisə qarı, ərin Rizvan niyə gəlmədi? Belə deyəndə Nisənin ürəyi gedib dəydi yerə. Rizvan arvadını gözlədi, gördü ki, arvadı gəlib çıxmadı. Durub ayağa çıxdı bağa. Amma qorxusundan məndəcərliyə getməyib, bir az uzaqda dayanıb, ağız dolusu çığırmağa başladı: – Ay Nisə!.. Ay Nisə!.. Rizvan gördü ki, nə Nisə? Nisə yoxdu. Getdi fikrə. Axırda qeyrətə dolub dedi: – Cəhənnəmə ki, gedərəm, nə olar, olar. Rizvan durub, canını dişinə alıb özün yetirdi məndəcərliyə. Gördü ki, arvadı Nisə tirtap uzanıb. Rizvan yeriyib irəli, Nisəni bir neçə kərə silkələyib ayıltmaq istəyirdi ki, birdən yerin altından yenə də səs gəldi. Rizvan canını dişinə alıb: – Nə olur-olsun! Gərək bu məndəcərliyi qazıyam, görəm burda nə var. Rizvan Nisəni ayıldıb, götürüb gəldi evinə, xəbər aldı: – Arvad, sənə nə oldu ki, ürəyin gedib sərilmişdin yerə? Nisə başına gələni əri Rizvana danışdı. Rizvan da başına gələni arvadı Nisəyə danışıb dedi: – Arvad, mən gedirəm məndəcərliyi qazıyam, görəm yerin altında nə var. Rizvan günü batırıb, beli əlinə alıb bina qoydu məndəcərliyə. Başladı torpağı yumşaldıb qazımağa. Dörd boy qazıyıb beşə çatanda dəmir sandığa rast gəldi. Tez arvadı Nisəni harayına çağırıb zor-gücnən sandığı quyudan çıxardıb, götürüb gəldi evinə, dedi: – Arvad, qapıları bağla, açaq bu sandığı, görək içində nə var? Nisə durub, qapı-bacanı bərk-bərk bağlayıb gəldi ərinin yanına. Rizvan bismillah deyib sandığın qapağını açan kimi tüstü evi bürüdü. Haçandan-haçana tüstü gözdən itib gedən kimi Rizvanın qabağında bir dərviş peyda oldu. Dayanıb dedi: – Ey Rizvan, salamun əleyküm! Rizvanın qorxudan qarnına sancı düşdü. Tez dərvişə baş əyib dedi: – Əleyküməssəlam! Dərviş Rizvana dedi: – Ya gəl mənə qardaş ol, ya da səni öldürrəm. Rizvan dedi: – Məni nə üçün öldürürsən? Qardaş demirsən, olaq da. Dərviş dedi: – Rizvan, şərtim var. Rizvan xəbər aldı: – Başına dönüm, şərtini de görüm! Dərviş dedi: – Birinci şərtim budu ki, mənim sandığa nə üçün girməyimi xəbər almayasan. Rizvan dedi: – Baş üstə, almaram. Dərviş dedi: – İkinci şərtim odu ki, mən neyləsəm, nə iş görsəm, məndən xəbər almamalısan. Rizvan dedi: – O da baş üstə, almaram. Dərviş dedi: – Üçüncü şərtim odu ki, sənin arvadını hara göndərdim, başına nə gətirdim, məndən heç bir söz xəbər almayıb deməyəsən ki, filan işi niyə belə gördün? Burda Rizvan bir az dayanıb fikrə getdi. Dərviş xəbər aldı: – Rizvan, nə deyirsən? Razısan, ya yox? Rizvanın çarəsi kəsilib dedi: – Çox gözəl, razıyam. Günorta vaxtı dərviş əl atıb, yeri qazıyıb, bir kasa qatıq çıxardıb, Rizvana göstərib xəbər aldı: – Rizvan bu qatıq ağdı, qara? Rizvan istədi deyə ki, qatıq ağdı, birdən dərvişin şərti yadına düşüb dedi: – Bilmirəm. – Mən deyirəm bu qatıq qaradı. Sən necə bilirsən? Rizvan dedi: – Qoy bir yaxşı-yaxşı baxım. Rizvan boylanıb kasaya baxandan sonra dedi: – Dərviş baba, qatıq qaradı. Rizvan belə deyəndə dərviş dedi: – Rizvan, mən üç günün səfərinə gedirəm. Tez gələrəm, amma mən gedib gəlincə evdən bayıra çıxma, arvadının yanına da girmə. Rizvan baş üstə dedi. Dərviş Rizvanın evindən getmək bəhanəsilə çıxıb damda gizləndi. Gecənin bir aləmində düşüb damdan endi həyətə, gördü ki, ərarvad yatıblar. Dərviş enib bağa, həmin məndəcərliyə getməkdə olsun, Rizvan bu tap-tupa ayılıb gördü ki, həmin dərvişdi. Düşüb qarabaqara dərvişin dalısınca, gəlib çıxdı həmin məndəcərliyə. Özün verib ağacların dibinə gördü ki, dərviş bu məndəcərliyə üzüquylu düşüb başladı ağlamağa. Haçandan-haçana durub, əlinə bel alıb, yeri qazımağa başladı. Böyük bir daş qaldırdı, daşın altından bir quyu çıxdı, dərviş girib quyuya, haçandan-haçana quyudan çıxdı, qucağında da bir ceyran. Dərviş ceyranın başını kəsdi, alıb dalına, götürüb gəldi, çıxıb dama, yıxılıb yatdı. Rizvanı fikir götürüb xof apardı ki, bu necə olan işdi. İstədi durub çıxa dama, dərvişin ala başının üstünü, bu sirdən xəbərdar ola, kəsdiyi şərt yadına düşdü, dedi: – Eybi yoxdu, gözləyim görüm bu işin axırı necə olacaq. Səhər tezdən dərviş durub, ceyranı alıb qucağına damdan düşdü. Rizvanın arvadı Nisəyə dedi: – Al bu ceyranı, soymamış doğra, tök qazana bişir! Amma nəbadə dadına baxasan. Nisə dedi: – O da mənim gözüm üstə. Dərviş bir əfsun oxuyub qalxdı göyə. Göydən Nisəyə baxırdı ki, görək Nisə nə edir. Nisə qollarını çırmalayıb ceyranı soymamış doğrayıb tökdü tavaya. Ocaq qalayıb başladı ceyranın ətini qovurmağa. Dərvişin istədiyi o idi ki, ürəkli bir arvad tapa. Odu ki, qalxıb göyə, bir əfsun oxuyub oldu laçın, göydən enib yerə, Nisəyə bərk bir çarpaz qanad vurdu. Nisə qorxmayıb əlindəki kəfkiri tolazladı laçının dalınca. Kəfkir dəymədi. Dərviş gedib bir az uzaqda cildindən çıxıb həmənki adam oldu, gəldi Nisənin yanına. Nisə də qayıdıb oturmuşdu ocaq başında, ceyranın ətini qovururdu, dərviş gəlib oturdu ocağın qırağında, Nisəyə dedi: – Nisə, get bir nimçə gətir, bu ceyranın ətindən çəkək. Nisə durub nimçə üçün getməkdə olsun, dərviş tavanı götürüb qoydu yerə. Qoltuğundan bir şüşə qab çıxardıb tavanın yağını töküb qaba, tavada olan əti səpələdi toz-torpağın üstə. Bu tərəfdən də Nisə əlində nimçə gəlib çıxdı. Dərviş dedi: – Hayıf bu tavadakı ceyran ətindən. Ocaq uçdu, ət də dağıldı toztorpağın üstünə. Nisə dedi: – Canın sağ olsun! Dərviş babasan, indi gedib bir alayı ceyran tapıb gətirərsən. Dərviş durub gəldi evə, başının altına xurcun qoyub yatmaqda olsun, sənə xəbər verim Rizvandan. Rizvan bağı sulayıb qurtarıb evə gəlirdi, gördü ki, ağac dibində ocaq qurulub. Amma ki, bu ocağın qırağında o qədər ət tökülüb qalıb ki, gəl görəsən. Rizvan bərk acmışdı. Bardaş qurub ocağın qırağında, başladı bu ətdən yeməyə. Bir vədə gördü ki, qarnı şişib olub damca. Yerindən tərpənə bilməyib, yıxılıb qaldı. Sənə xəbər verim padşahdan. Padşah bir gün durub Rizvanın bağına gəzməyə gəldi. Girib bağa, gəzib dolandı, gördü həmişə Rizvan bunun qabağına çıxardı, amma bu dəfə çıxmadı. Tez özün yetirdi məndəcərliyə, gördü ki, həmin yerdə ki, Rum padşahının oğlu Əhmədi tilsimə salmışdı, quyu qazılıb, sandıq da yoxdu. Padşah iki əlli başına qapaz vurub oturdu ağlamağa. Padşah burada qalsın, sənə xəbər verim vəzirdən. Vəzir gözlədi, gördü ki, padşah gəlib çıxmadı, durub gəldi bağa. Gördü ki, padşah oturub ağacın dibində ağlayır. Vəzir xəbər aldı: – Padşah sağ olsun, bu nə olan işdi? Padşah bütün əhvalatı vəzirə danışıb dedi: – Vəzir, tədbir gör! Vəzir dedi: – Padşah sağ olsun, heç bir tədbiri yoxdu. Çarə səninkidi. Qızını gərək verəsən. – Heç bu olan iş deyil. Mən qızımı əhd eləmişəm ki, heç kimə verməyəm. Vəzir dedi: – İndi ki, belədi, ixtiyar sənindi. Durub gəldilər imarətlərinə. Padşah gecəni səhərə kimi yatmayıb tədbir görməkdə olsun, al xəbəri Nisə xanımdan. Nisə əri Rizvanı gözlədi, gördü ki, gəlib çıxmadı, durub çıxdı bayıra. Rizvanı bir neçə ağız çağırıb gördü ki, Rizvan səs vermədi, çıxıb bağa, o yan, bu yana gəzib, gördü ki, ocaq qaladığı yerdə dağ boyda bir şey yastılanıb yatıbdı. Nisə bir qədər yeriyib irəli, gördü ki, əri Rizvandı, qarnı şişib, dönüb dama. Nisə qorxub tez durub gəldi dərvişin yanına, gördü ki, dərviş yatıb. Nisə dərvişi silkələyib durğuzdu. Dərviş ayılıb Nisəyə bir sillə vurub dedi: – Vay evini Allah yıxsın! Yuxu görürdüm, məni yuxudan yarımçıq ayıltdın, qoymadın yuxumu tamam görüm. Nisə dedi: – Nə görürdün? Dedi: – Kəs səsini, çəpəl! Yarımçıq yuxunu danışmazlar. Məni nə üçün yuxumdan elədin? Nisə dedi: – Dərviş, bizim kişinin qarnı şişib. Dur çıx bayıra, bəlkə bir çarə eləyəsən. Nisə belə deyəndə dərviş barmağını dişləyib, tez durub çıxdı bayıra. Özün yetirib ocağın qırağına gördü ki, Rizvanın qarnı şişib. Bildi ki, ceyran əti yeyibdi, dedi daha bundan adam olmaz. Dərviş çox peşiman oldu, çünki ceyran ətini Nisə üçün saxlamışdı, olmadı. Göz gəzdirib o yan, bu yana, gördü ki, yerdə iki böyük tikə ət qalıb. Tez götürüb qoydu qoltuq cibinə. Nisə dedi: – Mənim ərimə bir çarə! Dərviş dedi: – Nisə, sənin ərin Rizvana çarə olmaz. Gəl basdıraq! Nisənin çarəsi kəsilib, qəbir qazıyıb, Rizvanı dəfn elədilər. Gecə yarısı dərviş durub gəldi qəbir üstə, açıb qəbrin ağzını, Rizvanın qarnını yarıb, həmin ceyranın ürəyini çıxardıb Rizvanın qarnından, yenə qəbrin üstünü örtüb çıxıb gəldi. Aradan bir müddət keçəndən sonar dərviş Nisəyə dedi: – Nisə, gəl Allah yolu ilə, peyğəmbər şəriəti ilə get mənə! Nisə razı olub kəbinini kəsdirdi. Dərviş başladı Rizvanın adından bağa qulluq eləməyə. Bir gün dərviş dedi: – Nisə, al bu ürəknən bu əti yağda qovur. Nisə ürəyi alıb ceyran əti ilə bərabər tökdü tavaya. Dərviş aranı xəlvət eləyib ceyranın yağından tökdü tavaya. Elə ki, xörək bişib hazır oldu, Nisə süfrəni döşəyib xörəyi çəkdi, oturub yeməyə başladılar. Nisə ac idi. Ceyranın ətini ürəknən yeyirdi. Amma dərviş tilsim oxumuşdu. Nisənin gözünə elə görsənirdi ki, guya ceyranın ətindən o da yeyir, amma dərviş yemirdi. Bir azdan sonra hər ikisi süfrədən əl çəkdi. Dərviş durub gəldi bağa işləməyə. Bunlar burda qalsınlar, sənə xəbər verim padşahdan. Padşah öz qızının imarətini dörd tərəfdən hasara aldı ki, ins-cins qızı görməsin. Əmr verdi ki, şəhərə dərviş paltarında kim girsə, tutub damlasınlar. Qoşun əhli padşahın buyurduğunu yerinə yetirməkdə olsunlar, sənə xəbər verim Nisədən. Nisə bir vədə gördü ki, heç doqquz ayı tamam olmamış bari-həmlin qoyub yerə, bir oğlan doğdu. Bu oğlan yarı insan, yarı ceyrandı. Amma bunda bir qaş-göz vardı ki, gəl görəsən. Baxan heyran olurdu. Dərviş özünü yetirib Nisəyə, gördü ki, Nisə oğlan doğubdu. Amma bunun başı insan başıdı, bədəni ceyran bədəninə oxşayır. Qoltuğundan bir çubuq çıxardıb vurdu uşağa, dedi: – Ey çəpəl, bu nə sir-sifətdi? Çubuğu vuran kimi ceyran dönüb oldu bir gözəl oğlan. Dərviş Nisəyə dedi: – Bu uşağın adını qoyarsan Ceyran. Nağıllarda vaxt tez başa gələr. Ceyran böyüyüb çatdı on beş yaşına. Bu elə şücaətli pəhləvan oldu ki, gəl görəsən. Dərviş başladı Ceyrana pəhləvanlıq tərbiyəsi verməyə. Ceyran olmuşdu pəhləvan. Nisə isə baxıb oğluna fərəhlənirdi. Bir gün dərviş fikrə gəldi ki, Zərğova xanımı ələ gətirsin. Durub manqal qoyub Ceyranın adını yazdı bir nala, bir nal da götürüb Zərğovanın adını yazıb atdı manqala. Bunları qızdırıb Ceyranın məhəbbətini saldı Zərğovanın ürəyinə. Sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım yatıb yuxuda gördü ki, on beş yaşında cavan oğlan gəlib oturdu dizinin üstündə. Bir alma verib çıxıb getdi. Zərğova səhərnən yuxudan ayılıb dəli-divanə oldu. Amma bir belə adam tapa bilmədi ki, açıb ürək sirrini deməyə. Qız günü-gündən saralıb solmağa başladı. Padşaha xəbər getdi ki, qızın Zərğova bərk naxoşdu. Padşah düşdü əl-ayağa. Adam göndərdi, təbib gəldi, nə qədər dava-dərman elədilər, çarə olmadı ki, olmadı. Dərviş Nisəni çağırıb dedi: – Get padşaha de ki, filan yerdə bir həkim var, o sənin qızını sağaldar. Əgər razı oldu, gəl mənə de! Nisə durub gəldi padşahın yanına. Padşah xəbər aldı ki: – Nə üçün gəlmisən? Nisə dedi: – Filan yerdə bir həkim var, o deyir ki, mən padşahın qızının dərdini taparam. Padşah dedi: – Get, götür gəl yanıma. Nisə qayıdıb dərvişin yanına, dedi: – Padşah razıdı. Dərviş durub gəldi bazara, bir dəst Ceyran üçün həkim paltarı alıb, geyindirib Ceyranı elədi həkim, dedi: – Burdan durub gedərsən padşahın yanına. Padşah səndən xəbər alacaq: oğlan, kimsən? Onda sən də deyərsən ki, mən həkiməm. Padşah deyəcək: oğlan, mənim qızımı neçə günə sağaldarsan? Deyərsən üç günə. Elə ki, padşah izin verdi, şərt kəsərsən ki, “gərək otaqda bir mən olam, bir də qız”. Elə ki, padşah razı oldu, gedib girərsən Zərğova xanımın yanına. Daha sənin başqa şeylə işin olmasın. Dərviş Ceyranın dərsini verib qoşdu Nisəyə. Nisə Ceyranı götürüb getdi padşahın yanına. Padşaha xəbər getdi ki, təzə həkim gəlib. Padşah dedi: – Çağırın gəlsin. Ceyranı götürüb gəldilər padşahın yanına. Padşah baxıb gördü ki, bu elə cavan şücaətli oğlandı ki, gəl görəsən. Padşah öz yanında Ceyrana yer görsədib oturtdu, xəbər aldı: – Ey oğlan, həkimsən? Ceyran dedi: – Həkiməm. Padşah dedi: – Ey oğlan, mənim qızım bir aydı ki, naxoşdu. Dünyada həkim qalmayıb çağırmamış olam. Səninlə şərt bağlayıram, sağalda bilməsən boynunu vurduraram. Ceyran razı oldu. Padşah xəbər aldı: – Neçə günə sağaldarsan? Ceyran dedi: – Üç günə. Amma ki, bir şərtim var. Gərək qızın mənzilində bir mən olam, bir də sənin qızın. Padşah razı oldu. Ceyranı götürüb gəldilər Zərğovanın otağına. Açıb otağın qapısını saldılar Ceyranı Zərğovanın yanına, qapını bağlayıb getdilər. Zərğova xanım gözlərini açıb gördü ki, yuxuda gördüyü oğlandı. Tez durub ayağa “can” deyib sarıldı Ceyranın boynuna. “Can” deyib qucaqlaşdılar. Bir səhər Zərğova xanım tezdən durub Ceyrana dedi: – Ceyran, neçə gün qalacaqsan yanımda? Ceyran dedi: – Üç günüm sabah tamamdı. Zərğova dedi: – Bəs biz necə eləyək ki, atam məni sənə versin? Ceyran dedi: – Səbir elə, çarə tapılar. Üçüncü gün padşaha xəbər gəldi ki, qızın Zərğova sağalıbdı. Padşah şad olub dedi: – Həkimi mənim hüzuruma gətirin! Gəlib Ceyranı çağırdılar. Ceyran gedən macalda Zərğova ona dedi: – Sabah günorta nar bağında məni gözlə! Ceyran durub gəldi padşahın yanına. Padşah əmr verdi ki, xəzinənin yarısını versinlər Ceyrana. Ceyran alıb xəzinənin yarısını gedəndə, padşaha dedi: – Əgər sabah qızını nar bağına gəzməyə göndərməsən qızın təzədən naxoşlar, daha ayılmaz, çünki ona turş meyvənin iyi dəyməlidi. Bunu deyib, çıxıb getdi. Dərviş oturub bağda Ceyranı gözləyirdi. Haçandan-haçana gördü ki, Ceyran gəlib çıxdı. Ceyranı görən kimi xəbər aldı ki: – Ceyran, danış görək nə oldu? Ceyran dedi: – Getdim, qızı sağaltdım, gəldim. Dərviş dedi: – Bəs qız sənə heç bir söz demədi? Ceyran dedi: – Yox, qız mənə heç bir söz demədi. Dərviş işi duyub barmağını dodağının arasına alıb dinməz oturdu. Sabahısı gün Ceyran durub, gəlib anasına dedi: – Ana, mən gedirəm. Dəyən yerim var. Axşama gələrəm. Ceyran çıxıb gedəndə dərviş də düşdü Ceyranın dalınca. Qarabaqara gəldi nar bağına. Ceyran bir tərəfdə gizləndi, dərviş də bir tərəfdə gizlənib gözləməkdə olsun, sənə xəbər verim kimdən, Zərğova xanımdan. Zərğova xanım səhər tezdən atasına xəbər göndərdi ki, ata, həkim mənə demişdi ki, bu günkü gün mən nar bağına gəzməyə çıxım. Gərək mən də çıxam. Padşah razı olub əmr verdi ki, dükan, bazaar bağlansın. Quş quşluğu ilə bayıra çıxmasın ki, Zərğova nar bağına gedəcək. O gün bütün dükan, bazar bağlandı. Hərə girdi evinə, bayıra çıxmadı. Zərğova xanım durub gəldi nar bağına. Al xəbəri Zərğova xanımdan. Zərğova xanım girib nar bağına, dolanıb göz gəzdirdi, gördü ki, Ceyran dayanıb bağın başında. Zərğova qul-qaravaşlarına dedi: – Mən gedirəm çaya tərəf. Hər kəs mənim dalımca gəlsə, boynunu vurdurram. Zərğova bina qoydu yol getməyə. Gəlib çıxdı bağın başına. Səslədi Ceyranı. Ceyran özünü yetirdi ona. İndi sənə xəbər verim dərvişdən. Dərviş ağacların arasından baxırdı. Elə ki, gördü Zərğova ilə Ceyran başladılar söhbətə, bir tilsim oxuyub Ceyranı yatırtdı, Zərğovanı elədi sərçə, özü də olub tərlan, alıb Zərğovanı dimdiyinə, qalxıb göyə getməkdə olsun, sənə xəbər verim Zərğovanın qaravaşlarından. Bunlar gün batana kimi gözləyib gördülər ki, Zərğova yoxdur, kor-peşiman qayıtdılar padşahın yanına, xəbər verdilər ki, Zərğova yoxdu. Padşahı od götürüb az qaldı ki, bağrı çatlasın. Tez rəmmal çağırıb dedi: – Rəmmal, bir rəm at görək, mənim qızım Zərğovanı kim götürüb aparıb. Haraya aparıblar? Rəmmal bir neçə rəm atıb, sonra başını bulayıb padşaha dedi: – Padşah sağ olsun, sənin qızını Rum padşahının oğlu cadukun dərviş Əhməd aparıb. Əlanlıqda sənin qızın Rum şəhərinin günbatan elində bir şəhər var, ordadı. Padşah iki əlli başına bir qapaz vurub, oturdu uşaq kimi ağlamağa. Haçandan-haçana ağlamağını saxlayıb, üzün tutub rəmmala, dedi: – Rəmmal, mənim şəhərimdə elə bir oğul tapılar ki, gedib mənim qızımı Rum padşahının oğlu dərviş Əhmədin əlindən alıb, götürüb gələ? Rəmmal kitabı açıb dedi: – Padşah sağ olsun, Ceyran adında sənin şəhərində bir p¨züqoylu ağlamaqda olsun, anası Nisə xəbər aldı: – Oğul, nə üçün ağlayırsan? Ceyran heç bir cavab vermədi. Bu tərəfdən də padşahın adamları gəlib Nisənin evini tapdılar. Nisədən Ceyranı xəbər aldılar. Nisə dedi: – Neyləyirsiniz Ceyranı? Dedilər ki: – Padşah çağırır. Nisə durub gəldi, Ceyrana dedi: – Padşah səni çağırır. Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düşdü gələnlərin qabağına, birbaş guml;züqoylu ağlamaqda olsun, anası Nisə xəbər aldı: – Oğul, nə üçün ağlayırsan? Ceyran heç bir cavab vermədi. Bu tərəfdən də padşahın adamları gəlib Nisənin evini tapdılar. Nisədən Ceyranı xəbər aldılar. Nisə dedi: – Neyləyirsiniz Ceyranı? Dedilər ki: – Padşah çağırır. Nisə durub gəldi, Ceyrana dedi: – Padşah səni çağırır. Ceyran durub ayağa, aynaya baxıb gördü ki, ağlamaqdan gözləri qıpqırmızı olubdu. Su götürüb əl-üzünü yuyub düşdü gələnlərin qabağına, birbaş gəldi padşahın yanına. Padşah, rəmmal, vəzir oturmuşdular. Ceyranı görən kimi padşah Ceyrana öz yanında yer verib otuzdurdu ki: – Ceyran, bil və agah ol! Mənim qızım Zərğova xanımı Rum padşahının oğlu dərviş Əhməd götürüb qaçıb. Əgər qızı götürüb gəlsən, verərəm sənə. Nə deyirsən? Razısan, ya yox? Ceyran Zərğova xanımın adını eşidən kimi durub ayağa dedi: – Gedərəm. Padşah Ceyrana bir dəst pəhləvan paltarı, bir yeriyən at verib yola saldı. Ceyran durub gəldi anasının yanına halallaşıb, ata minib bin qoydu yol getməyə. Dərələrdən yel kimi, təpələrdən sel kimi, badisərsər kimi, ayaq üzəngidə, diz qabırğada, piyadasın piyada, atlısın atlı, hamını qoyub yolda, quşdan yeyin, tazıdan yüyürək, neçə mənzil yol gedib, neçə mənzil eləyib, axır gəlib çatdı qaranlıq meşəyə. Yolu itirib bilmədi ki, hayana gedə. Ceyran gördü ki, bir cığır var. Tutub cığırı bina elədi yol getməyə. Düz bir gün, bir gecə yol gedib çatdı bir dağın döşünə. Gördü ki, bura elə bir meşədi ki, gəl görəsən. Nə cür ağac istəyirsən burda var. Hər cür meyvə istəyirsən burda var. Xülasə, hər cür güldən, lalədən, nərgizdən, min bir cür ətirli güllər, bülbüllər adamı heyran edir. Ceyran atını saxlayıb diqqətlə bu ağacların arasından uzaqlara baxdı, gördü ki, bir xeylaq irəlidə qaraltı görünür. Ceyran sürüb atını qaraltıya tərəf gəlib çatdı, gördü ki, burda bir koma var. Komanın qabağına yaxşı bir yarımxalça salınıb, xalçanın üstündə qoca bir pirani kişi oturubdu, saç- saqqalı dümağ, elə bil ki, eyni qardı. Qabağında manqal, dizinin üstə batman kitab. Qoca abid Ceyranı görən kimi başını qaldırıb baxdı Ceyranın üzünə, dedi: – Ceyran, oğul, axır ki, gəlib çıxdın! Ceyran təəccüb elədi ki, bu mənim adımı hardan bilir? Dedi: – Ey dayı, mənim adımı hardan bildin? Kişi dedi: – Oğul, neçə ildi ki, sənin yolunu gözləyirəm. Gəl otur görək. Ceyran enib atından, gəlib oturdu abidin yanında. Abid dedi: – Oğul, mən bilirəm sən hara gedirsən. Daha mənə demək lazım deyil. Sən Zərğova xanımın dalınca gedirsən. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. Ceyran dedi: – Bəs Zərğova xanım hardadı? Mən onu necə taparam? Abid dedi: – Oğul, tələsmə! Bil və agah ol! Həmin dərviş ki, var idi, sənə atalıq eləyirdi, o Rum padşahının oğlu Əhməddi. O sənin ananı almışdı. Zərğova xanım bağa çıxan vaxtda tilsim gücü ilə götürüb qaçıb. İndi bu dağ ki, görürsən, orda bir qalaça var, dərviş Əhməd Zərğovanı salıb ora. Burdan durub gedərsən ora. Səni görən kimi Rum padşahının oğlu dərviş Əhməd deyər: “oğul, xoş gəlmisən”. Sən nəbadə yaxınına gedəsən. Çünki o səni öldürəcək. Elə ki, səni öldürə bilmədi, tez səni salar tilsimə. Abid durub köhnə bir sandıq açıb, sandığın içindən bir qılınc çıxardıb, Ceyrana verib dedi: – Sən bu qılıncla həm tilsimi, həm də Rum padşahının oğlu Əhmədi öldürüb sonra muradına çata bilərsən. Bir söz də deyim. Düz get, nəbadə yollarda əylənəsən. Abid sözünü tamam eləyib Ceyranı saldı yola. Sənə xəbər verim kimdən, Rum padşahının oğlu Əhmədlə Zərğova xanımdan. Rum padşahının oğlu Əhməd Zərğovanı alıb qaçıb, istədi gələ öz atasının yanına. Kitabı açıb gördü ki, bəd gəldi. Tez başa düşdü ki, Zərğova xanımı atası əlindən alacaq. Burda da başı müsibətə düşüb qalada qalacaq. Alıb Zərğovanı Rum şəhərindən qıraq bir yerdə bir qalaçaya gətirib saxladı. Amma ki, nəillah elədi, Zərğova xanım Rum padşahının oğlu dərviş Əhmədi yanına qoymadı. Dərviş Əhməd gündüzlər Zərğova xanımı zəncirdə saxlayıb öz işinə gedərdi. Axşam olan kimi şəhərə qayıdıb Zərğova xanımı zəncirdən açıb onunla məşğul olurdu. Ceyran bir müddət yol gedib axır çıxdı həmin qalaçaya. Çatan kimi gördü ki, qalaçanın qapısında bir əjdaha var. Əjdahaya çatan kimi, əjdaha açıb ağzını istədi Ceyranı uda. Ceyran fürsəti fota verməyib, əl atdı abid verən qılınca. Çəkib qılıncı əjdahanı cəhənnəmə vasil elədi. Girib qalaçanın qapısından içəri, gördü ki, Zərğova xanım zəncirdədi. Tez qırıb zənciri, Zərğova xanımı azad elədi. Zərğova xanım Ceyranı görən kimi xəbər aldı: – Sən necə oldu ki, gəlib buraya çıxdın? Ceyran başına gələn müsibəti Zərğova xanıma, o da başına gələn müsibəti Ceyrana açıb nəql elədi. Zərğova dedi: – Ceyran, gəl qaçaq! Yoxsa Rum padşahının oğlu Əhməd gəlib bizim hər ikimizi bir yerdə görsə, səni də öldürər, məni də. Ceyran dedi: – Qorxma, Rum padşahının oğlu Əhmədin başına bir oyun açaram ki, heç qiyamətəcən yadından çıxmaz. Ceyran belə deyəndə Zərğova xanım sevinib qol atdı Ceyranın boynuna, sarmaşıq kimi sarılmaqda olsunlar bir-birinə, sənə xəbər verim Rum padşahının oğlu Əhməddən. Günbatan vaxtı Əhməd həmişəki kimi dərviş paltarında gəlib öz qalaçasına çatdı. Gördü ki, əjdahanı öldürüblər. Tez girib içəri, gördü ki, Ceyran başını qoyub Zərğova xanımın dizinin üstə yatıb. Dərviş Əhməd Ceyranı görən kimi dedi: – Ey mənim oğlum Ceyran, sən xoş gəlibsən! Ceyran açıb gözlərini baxıb gördü ki, gələn Rum padşahının oğlu Əhməddi. Tez durub ayağa, əl atdı qılınca ki, vurub onu öldürsün, Əhmədin ağzından bir qucaq alov çıxıb Ceyranı bürüdü. Ceyran od tutub yanan vaxtda səs gəldi: – Ey Ceyran, əlindəki tilsim qılıncını qan qarışıq sürt üstünə! Ceyran tilsim qılıncını sürtdü üstünə, alov Ceyrandan rədd oldu. Bir vədə baxıb gördü ki, nə Zərğova xanım var, nə də Rum padşahının oğlu. Ceyran tez qaçıb bayıra, minib atını, bina qoydu yol getməyə. Ceyran yel kimi atını sürüb gedirdi. Bir vədə gördü ki, Rum padşahının oğlu Əhməd alıb Zərğova xanımı, yel kimi gedir. Ceyran əlini qoyub qulağına, bir nərə çəkib dedi: – Ey Əhməd, atanı dalına sarıyacağam. Rum padşahının oğlu Əhməd səsə qayıdıb dala baxdı, gördü ki, gələn Ceyrandı. Tez bir tilsim oxuyub girdi quyuya. Ceyran özünü yetirib quyunun ağzına, gördü ki, quyunun ağzında səkkiz dəyirman daşı ağırlığında bir daş var. Ha güc elədi ki, dəyirman daşını quyunun ağzından rəf edə, gücü çatmadı. Bir nərə çəkib əl atdı tilsim qılıncına, zərbnən endirdi dəyirman daşına. Dəyirman daşı parça-parça oldu. Gördü ki, bura bir dərin quyudu. Ceyran tez özünü atdı quyuya. Düşüb quyunun dibinə, gördü ki, burda bir qapı var. Girdi qapıdan içəri, gördü ki, anası Nisə çıxdı qabağına. Ceyran çəkib qılıncın, şığıdı üstünə. Arvad qaçdı, olub əjdaha gəlib durdu Ceyranın qabağında. Ceyran bildi ki, Rum padşahının oğlu Əhməddi. Çəkib qılıncın yenə şığıdı üstünə. Əjdaha qaçıb Ceyranın qabağından indi də oldu nəhəng div, dayanıb durdu. Ceyranın qılıncından yenə səs gəldi: – Ey Ceyran, nəbadə qurşaq yapışasan. Ceyran çəkib qılıncı endirdi divə, div əl atıb Ceyranın biləyindən tutub, başladı sıxmağa. Ceyran da əl atıb yapışdı divin boğazından, sıxdı hulqumunu. Div başladı çapalamağa. O qədər sıxdı ki, div cəhənnəmə vasil oldu. Ceyran divi öldürən kimi tilsim sındı. Ceyran gördü ki, bura çöllübəri-biyabandı. Rum padşahının oğlu təngənəfəs gəlir. Ceyran əl atıb qılınca, hücum elədi Əhmədə. Başladılar qılınc davasına. Əl atıb yapışdı Rum padşahının oğlunun yaxasından, qoydu dizinin altına, boğazın üzüb tulladı. Ayağa durub Zərğovanı axtarmağa başladı. Gördü Zərğova daldalanıb kolun dibində. Alıb Zərğovanı, basıb atın tərkinə, bina qoydu getməyə. Gəlib çatdılar Rum vilayətinə. Düşdülər karvansaraya ki, gecəni yatıb, səhər çıxıb getsinlər. Xəbər verim sənə Rum padşahının dalandarından. Rum padşahının dalandarı karvansaranı cövlan vurdu, gördü ki, karvansaraya bir cavan oğlanla bir gözəl qız gəlibdi. Dalandar tez durub özünü yetirdi Rum padşahına, dedi: – Ey taxtı çevrilmiş, yəhəri qanla dolmuş, nə yatıbsan? Karvansaraya bir nəfər qıznan bir pəhləvan gəlibdi gəl görəsən. Dalandar Zərğova xanımı padşaha o qədər təriflədi ki, padşahın ağzının suyu axdı. Padşahın özü gəldi karvansaraya, gördü ki, bu qız Hind padşahının qızı Zərğovadı. Rum padşahı əqli başdan verib dedi: – Dalandar, tədbir gör! Dalandar dedi: – Padşah sağ olsun, iki adam ver mənə, sənin qeyri işnən işin yoxdu. Padşah razı olub dalandara iki pəhləvan verdi. Dalandar pəhləvanları götürüb gəldi. Gecənin bir vədəsində dalandar pəhləvanları ilə girib Ceyranın otağına, alıb Zərğovanı, götürüb gəldilər, saldılar Rum padşahının otağına. Rum padşahı durub gecəynən Zərğova xanımın yanına gəldi. Zərğova baxıb gördü ki, bunun əlindən qurtara bilməyəcək. Dedi: – Ey padşah, mənə üç gün möhlət ver, qoy bir dincimi alım, üç gündən sonra mən sənin. Rum padşahı razı oldu. Bunlar burda qalsınlar, eşit Ceyrandan. Ceyran ayılıb gördü ki, Zərğova xanım bunun yanında yoxdu. Tez durub ayağa, minib atına, çıxdı şəhərə. O günü gəzib dolandı, Zərğovadan bir xəbər çıxmadı. Küçə ilə gedirdi, gördü ki, bir keçəl bir uşağa aşıqlarını uduzub, çürsaf eləyib aşıqları götürdü, uşaq keçələ dedi: – Ver aşıqlarımı! Keçəl dedi: – Oho, sən elə bilirsən ki, mən də sənin üçün karvansaraya gələn qonağam? Ceyran keçəldən bu sözü eşidən kimi yapışıb keçəlin qolundan çəkib bir xəlvətə, xəbər aldı: – Ey keçəl, nə qonaqdı karvansaraya gəlib aldanıbdı? Keçəl dedi: – Heç nə. Bir qərib oğlan bir zənən xeylağı ilə gəlib düşmüşdülər karvansaraya. Padşahın gözü düşür qıza, gecə ilə qızı qaçırırlar. Ceyran dedi: – Keçəl, dediyin qız hardadı? Keçəl dedi: – Qarğa adamın ovcuna havayı yumurta qoymur. Keçəl belə deyəndə Ceyran əlini salıb cibinə, bir çəngə qızıl çıxardıb basdı keçəlin ovcuna. Keçəlin gözləri çıxdı kəlləsinə, Ceyran dedi: – O padşahın imarətində olur. Ceyran minib atına gəldi padşahın imarətinin qabağına, bir kağız yazıb göndərdi Rum padşahına. Rum padşahı açıb kağızı oxudu, gördü ki, yazılıb: “Ey padşah, mənim adaxlımı verirsən ver, vermirsən atanı dalına səriyib torpağını torba ilə daşıtdıraram”. Rum padşahı kağızı oxuyub, qəzəblənib əmr elədi ki, qoşun tədarükdə olsun. Vəzir, vəkil qoşun tədarükündə olub qoşun göndərdilər Ceyranın qabağına. Ceyran sıyırıb qılıncını düşdü qoşunun canına. Qırıb qoşunu tələf elədi, durub üz qoydu Rum padşahının imarətinə. Rum padşahı da oturmuşdu taxtda, Ceyran əl atıb yapışdı padşahın boğazından, dedi: – Ey zalım padşah, ver adaxlımı! Padşah başladı ağız-burnunu oynatmağa. Ceyran Rum padşahının boğazını sərçə kimi üzüb, otaqları gəzdi, gördü ki, yan otaqların birində Zərğova xanım büzüşüb oturub. Ceyran alıb Zərğova xanımı, yığıb camaatı başa saldı ki, padşahı nə üçün öldürüb, sonra padşahın taxtını tapşırıb camaata, dedi: – Kimi istəyirsiniz özünüzə padşah tikin! Daha mən getdim. Ceyran alıb Zərğova xanımı götürüb gəldi, sağ salamat yetirdi Hind padşahına. Hind padşahına muştuluqçu getdi ki, qızın Zərğova ilə Ceyran gəlib çıxdı. Padşah çox şad olub, məclis qurub üç gün, üç gecə şadlıq elədi. Ceyran bir gün padşaha xəbər göndərdi ki, əhdinə vəfa eləsin. Padşah qızı Zərğova xanımı Ceyrana vermək istəməyib vəziri çağırıb dedi: – Mənim qızım bir padşah qızı, amma Ceyran bir gədənin biridi. Gəl razı olma ki, mən qızımı verim Ceyrana, tədbir gör! Vəzir dedi: – Padşah sağ olsun, qonaq çağır, tök Ceyranın xörəyinə bihuşdarı, qoy bihuş olub yıxılsın, sonra götürüb atarıq bu dərələrin birinə, qurdquş yeyər, gedər. Padşah vəzirin tədbirinə razı olub Ceyranı günorta xörəyinə çağırdı. Ceyran durub gəldi. Padşah keçib mitbağa, Ceyranın xörəyinə o ki, vardı bihuşdarı tökdü. Xörəyi gətirib qoydular Ceyranın qabağına. Ceyran xörəyi yeyən kimi getdi huşa, yıxıldı yerə. Götürüb Ceyranın qolunu bağlayıb saldılar qaranlıq otaqların birinə ki, gecə yarı götürüb atsınlar quyuya. Gecənin bir aləmində Ceyran özünə gəlib gördü ki, əl-qolu bağlanıb, özü də qaranlıq otağa salınıb. Bildi ki, ox ona hansı tərəfdən dəyib. Tez güc verib qolunun zəncirlərini qırıb atdı, durub gəldi qapıya, gördü ki, qapı bağladı. Bir neçə kərə qapıya təkan vurdu, axırda bir nərə çəkib qapıya elə çiyin vurdu ki, çərçivəsindən çıxardıb atdı. Çıxıb bayıra bir nərə çəkdi. Padşah nərənin zərbindən bir boy özünü atdı. Çıxıb bayıra gördü ki, nərə çəkən Ceyrandı. Əmr verdi qoşun yığışsın. İstədilər Ceyranı tutalar. Ceyran boş əlnən gələn-gələn qoşunu boğazlayıb atırdı. Qoşun tab gətirə bilməyib üz qoydu qaçmağa. Ceyran əl atıb möhkəm bir qılınc götürüb hücum elədi. Yapışıb padşahın biləyindən dedi: – Ey zalım padşah, mən sənə bu qədər yaxşılıq elədim, bu yaxşılığın əvəzinə adam adamın başına bu oyunu gətirər? Ceyran vəzirnən padşahı öldürüb, qoşunu özünə tabe eləyib, Zərğovanı tapıb, götürüb gəldi. Ceyran öz anası Nisəni götürüb yanında saxladı. Yeddi gün, yeddi gecə toy eləyib Zərğova xanımla murad hasil elədi. Ceyran böyük ədalətnən padşahlıq elədi, camaatla yaxşı yola getdi, asudə ömür sürməyə başladılar.