Ceyran (Aşıq Ələsgər)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ceyran
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri. Bakı, 2004. səh.157.


Durum dolanım başına,
Qaşı, gözü qara Ceyran!
Saldın eşqin ataşına,
Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan,
Mən yanana sən də qansan.
Özün bir tülək tərlansan,
Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam,
Eşqin girdabında qallam.
Küsdürmüşəm, könlün allam
Yalvara-yalvara, Ceyran!