Məzmuna keç

Cildini dəyişmiş ilan

Vikimənbə saytından
Cildini dəyişmiş ilan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir ailə olur. Həmin ailənin övladı olmur. Uzun illər övlad həsrəti çəkirlər. Axırdan-axıra onların bir qızı olur. Bir dəfə ana qızını yatırdıb çölə çıxır. Qayıdanda uşağın sinəsində balaca bir ilan görür. Qocaların məsləhəti ilə ilanı öldürmürlər. İlan ananı görəndə dilini çıxarır, demək istəyir ki, onun qızına xəta yetirməyəcək. Ana qocaların məsləhəti ilə ilana and içdirir. Yəni onun qabağına duz-çörək qoyur, ilan düz-çörəyi yalayır. Uzun illər keçir, uşaq böyüyür. O, həmişə ilanla oynayır. İlan da həmişə qıza baş çəkir. Məlum olur ki, bunlar bir-birinə aşiq olublar. Bir dəfə ilan gəzməyə gedir. Qızı öz evinə gətirir. Qız yaraşıqlı evi görüb təəccüblənir.Burada bir sirr olduğunu bilir.

Axşam olur, ilan öz cildini dəyişir. Ucaboylu, yaraşıqlı bir oğlan olur. Qız gözlərinə inanmır. Sirri öyrənməyə çalışır. Bir müddət ilan qıza heç nə demir. Ən nəhayət, qıza bu sirri heç kimə açmayacağına and içdirir. Sonra deyir ki, onun bir paltarı vardı. O, həmin paltarı geyinəndə ilan cildinə girir, soyunanda adam olur. Oğlan hər gün səhər evdən çıxır, axşamlar qayıdır, oğlanın gec qayıtmağı qızı narahat eləyir.

Bir gün ilan evə gəlir, öz paltarını soyunur, başının altına qoyub yatır. Qız oğlanı həmişə insan görmək istəyir, buna görə də həmin paltarı götürüb yandırır, özü də yıxılıb yatır. Səhər ayılanda heç nə görmür, nə oğlan var, nə də ilan. Qız paltarı yandıranda o da qeybə çəkilir, yox olur.

Qız kor-peşman atası evinə gəlir.

Mənbə

[redaktə]