Məzmuna keç

Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur

Vikimənbə saytından
Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.100.

Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur,
Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur.

Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün,
Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyur.

Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd,
Dərd əhli bizəban, bidərdlər məsti-qürur.

Daği-dilsuzi-fəraqın qıldı gün-gündən füzun,
Nuri-mah əfzun olur, xurşiddən olduqca dur.

Və’deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud,
Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur.

Tari-zülfündürmü rüxsarında canlar məskəni,
Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur.

Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim,
Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur?