Məzmuna keç

Cin qarğışı

Vikimənbə saytından
Rəvayətlər. Cin qarğışı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Adam oğlunun bir atı varmış. Tövlədə bəsləyirmiş ki, uzaq səfərə çıxsın. Amma hər gün sübh tezdən ata baş çəkəndə görürmüş ki, at tərləyib töyşüyür. Üç gecə atın keşiyini çəkir. Amma nə qədər çalışırsa, ayıq qala bilmir, gecənin bir yarısı yuxuya gedir. Məcbur olub atın belini qırlayır. Səhər gəlib görür ki, atın üstündə bir cin var. Adam oğlu cinin yaxasına sancaq taxıb evə gətirir. O gündən evin işlərini cinə gördürür.

Bir gün cin küçəyə çıxıb bir uşağa yaxınlaşır. Deyir ki, bu sancağı aç, sənə alma verim. Uşaq almanı alıb sancağı açır. Cin qaçıb çıxır evin bacasına. Deyir:

– Daha sizinlə mənimki qurtardı. İndi gedirəm.

Adam oğlu deyir:

– Gedirsənsə, bir söz de.

Cin deyir:

– Məni çox işlətdiniz. Allah evinizin zibilini bol eləsin.

O vaxtdan Adam oğlunun evi həmişə zibilli olur.

Mənbə

[redaktə]