Cindil Ata

Vikimənbə saytından
Rəvayətlər. Cindil Ata
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bizim ulu babamızın adı Ataymış, sonra ona Cindil Ata deyiblər. Ata, İşıxlıdan bir qıza nişanlıymış. Hər gecə gedirmiş, Şıx qəbiristanlığından keçib nişanlısıyla görüşürmüş. Bir dəfə də gedəndə qəbiristanlıqda qulağına toy səsi gəlir. Görür ki, kəndlərindəki arvadların sir-sifətində adamlardır, durub bunun qabağında oynayırlar. Ata bunlara fikir vermir, atı kənardan sürüb keçir. Gəlir nişanlısıgilə, qaynanası deyir ki, ay bala, sir-sifətin niyə bu gündədi? Ata deyir ki, bəs hal-qəziyə belə – cin yığnağına düşmüşdüm. Arvad çıxardıb ona bir iynə verir, deyir ki, bu dəfə də qabağına çıxsalar, sənə nə desələr, əməl elə, fürsət tap, iynəni keçir birinin paltarına.

Ata gəlir, həmən yerdə yenə yığnağa düşür. Toy-qavaldan sonra cinlər bunun qabağına bir qab yemək qoyurlar. Ata fürsət tapıb, iynəni taxır cinlərin birinin paltarına. Cinlər çığırışıb qaçırlar, iynə taxılan cin qalır. Ata, qabağındakı yeməyə baxır, görür ki, yemək nə gəzir. Ata, iynə taxdığı cini götürüb gəlir evə. Bir müddət bunu evdə saxlayıb işlədir.

Atanın bir bacısı varmış. Hər gün Ata evdən çıxandan sonra cin, Atanın bacısını damın bacasından asırmış. Deyirmiş ki, di get, Ata, sən mənə əziyyət verirsən, mən də sənin bacına əziyyət verirəm.

Ata evə gələndə cin onun bacısını açıb buraxırmış. Bir gün belə, beş gün belə, axırda Ata bilir ki, cin onun bacısına əziyyət verir. Amma bilmir, neyləsin. Ona məsləhət görürlər ki, cini aç burax, getsin. Ata, iynəni cinin yaxasından çəkib, onu buraxır. Elə o vaxtdan Ataya Cindil Ata deyiblər

Mənbə[redaktə]