Cinlərin Tağını oğurlaması

Vikimənbə saytından
Rəvayətlər. Cinlərin Tağını oğurlaması
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bizim Tağı adlı bir əmimizi cin aparıb. Dədəm danışırdı ki, Tağının on iki-on üç yaşı vardı. Bir gün obaşdan onu götürüb Qanlı ağac tərəfə ot biçməyə getdim. Gördüm uşaq yorulub (Tağıya babamızın adını qoymuşduq, eləcə “baba” deyirdik). Dedim:

– Baba, yorulmusan, gəl min dalıma.

Dedi:

– Yox, dədə, onsuz da çatmışıq.

Gəldik Qanlı ağaca çatdıq. Birdən Tağı yoxa çıxdı. Ora – Tağı, bura – Tağı, uşaq tapılmadı. Sobunun başında Qala daşı deyilən bir yer var – ordan Tağının köynəyini tapdıq.

Üstündən on-on iki il keçmişdi. Bir gün xəbər gəldi ki, bir ovçu çöldən bir adam tutub gətirib – bədəni tükün içindədi. Dedim:

– Mənim oğlumun oturacaq yerində, halqa yanıq yeri var. Uşaq vaxtı qızmar sacın üstündə oturub yanıb. O adamda bu nişanə varsa, mənim oğlumdu.

Getdilər o adamı gətirdilər. Nəmindən-nişanından bildik ki, Tağıdı. Dili tutulmuşdu, danışa bilmirdi. Mollaya baxdırdıq, dedi:

– Bunu cin aparıbmış. Aparıb dəyişib, adamlıqdan çıxardıb.

Mənbə[redaktə]