Cinni qaltan
Rəvayətlər. Cinni qaltan Müəllif: Şifahi xalq ədəbiyyatı |
Borçalıda bir cinni qaltan var. Altında neçə sürü daldalanar. Dibi
də dərədi. Bu yerlərdə çoxlu bulaq var. Bir gün xan qızı başında qırx
qız seyrə çıxıbmış. Qəfildən şimşək çaxır, göy guruldayır, yağış yağır.
Hər tərəfdən sel axmağa başlayır.
Elə bu vaxt bulud kimi qara bir şey bu qızları qoynuna alıb dumanlıqda itir. Ara sakitləşəndən sonra hay-küy düşür. Qızların yoxa çıxdığı hər yana yayılır. Xan qızının nişanlısı böyük bir dəstə ilə qızı axtarmağa başlayır. Gəlib qızların itdiyi yerə çıxanda həmin qara topanı orada görürlər. Qara topaya yaxınlaşanda bütün qoşun qayaya dönür. Elə bu vaxt şaqqıltıyla dağ aralanır, həmin qara bulud şəklində olan cin dağın arasında yox olur.
Deyirlər o vaxtdan oğlanlar qayaya, qızların göz yaşları bulaq suyuna çevrilibdi. Kim o bulağın gözündən su içə bilsə, canından azar-bezar yox olar, kim o böyük qayanın üstünə çıxmağı bacarsa, quş kimi istədiyi yerə uça bilər.