Məzmuna keç

Dördünə

Vikimənbə saytından
Dördünə
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

On altı gözəlin seyrinə varım,
Gözüm düşdü gözəllərin dördünə.
Altısı bəd xəsyət, dindirmək olmaz,
İkisi mehriban, de, bəs dördü nə?

Ay ağalar, dərdim yaman artıbdı,
Çərxi-fələk eldən daşım atıbdı,
Səkkiz şeydi, bu dünyanı tutubdu,
Abü atəş, xakü baddı, dördü nə?

Qurbani sözlərin eylədi tamam,
Gözümün evini alıbdı duman,
Səkkiz şey insana olubdu ənam,
Ağıl, mərifət, həvəs, kamal, dördü nə?