Məzmuna keç

Dörtdü dörd (Çıldırlı Aşıq İrfani və Xəstə Hasan)

Vikimənbə saytından
Dörtdü dörd
Müəllif: Müəllif:Çıldırlı Aşıq İrfaniMüəllif:Xəstə Hasan
Mənbə: Əli Şamil. Çıldırlı Aşıq İrfani (şeirləri, haqqındakı dastan-rəvayətlər), Bakı, “Elm və təhsil” nəşriyyatı, 2016

İrfani:
Aradım, yoxladım könül şəhrini,
Gördüm bu könlümdə yenə dörd qaldı.
O dördün birini qaldırdım atdım,
Baxdım gerisində yenə dörd qaldı.

Xəstə Hasan:
Ol yaradan bu dünyanı xəlq etdi,
Nişangahı dörd qıvladı, dörtdü, dörd.
Yoxdan var eylədi cəmi insanı,
Abı ataş, xaki baddı, dörtdü, dörd.

İrfani:
Oxudum, oxudum mətləbə çatdım,
Bir bəzirgan tafdım yarısın satdım,
İndi də o dördün ikisin atdım,
Yenə baxdım gerisində dörd qaldı.

Xəstə Hasan:
Yoxdan var eylədi cümlə aləmi,
Endi fəriştələr çəkdi qələmi,
Məhəmmədə gəldi haqqın salamı,
"İncil", "Tövrət", "Zabur", "Quran" dörtdü, dörd.

İrfani:
İrfani der bu sözləri alana,
Eyvallahım var təcnisi bilənə,
Üçün atdım, birin aldım qələmə,
Dörtdən dörd tulladım yenə dörd qaldı.

Xəstə Hasan:
Dövr edər bu dünya dönər ha dönər,
Bir gün olar çıra bəndindən sönər.
Xəstə Hasan sinən[e] Əzrayıl qonar,
Dörd kimsə aparar, yenə dörtdü, dörd.