Məzmuna keç

Dövri-rüxsarına geysuyi-pərişan düzülüb

Vikimənbə saytından
Dövri-rüxsarına geysuyi-pərişan düzülüb
Müəllif: Zikri Ərdəbili
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Dövri-rüxsarına geysuyi-pərişan düzülüb,
Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!

Əsmə, ey badi-səba, pozma nizami-zülfün,
Ki, nizamilən ona çox dili-viran düzülüb.

Necə tərsabeçədir bu ki, qiyam eyləyibən,
Qibleyi-hüsnünə min dəsta müsəlman düzülüb.

Gül üzündə görübən daneyi-dürri-ərəqi,
Belə sandım ki, gül övrağına mərcan düzülüb.

Şərbəti-ləlini bimar könüllər istər,
Bir içim sudan ötrü, gör necə ətşan düzülüb.
 
Ey kamanqaş, bu qədər atma xədəngi-müjgan,
Ehtiyat eylə ki, amacına çox can düzülüb.

Bilməzəm, hansı əsir oxlayacaqdır, Zikri,
Bu sayaq ilə ki, əbrusuna müjgan düzülüb.