Düşərsən (Aşıq Ələsgər)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Düşərsən Müəllif: Aşıq Ələsgər |
Məğrurluq eyləyib "ustadam" demə,
Vaxt olar, bir yerdə dara düşərsan.
Daş tülək deyilsən, çolpa balasan,
Sərgədan qalarsan, tora düşərsan.
Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən aslanla girmə savaşa.
Əlin vurma gücün çatmayan daşa*,
Götürə bilməzsən, zora düşərsən.
Satmaynan Nağıya ərkinazını,
Zimistana döndərərəm yazını;
Soyaram libasın, allam sazını,
Yal - quyruğu yolux yora düşərsən.
Saxla dilin, özün üçün yağıdı,
Aşıq Ələsgərin odlu çağıdı,
Çalar qaynağına səni, dağıdı,
Göydən yerə parça-parça düşərsən.
- 2-ci bədin 3-cü misrasının belə bir variantı da var:"Gəl yapışma gücün çatmayan daşa"