Məzmuna keç

Düşdü (qoşayarpaq qoşma)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qoşayarpaq qoşma
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər, Şerlər, dastan-rəvayətlər, xatirələr. "Çinar-çap" Bakı-2003, səh. 132

Sevdiciyim, hanı gözəllər xanı?
Güzarımız sizin otağa düşdü.
Buyursan fərmanı, alarlar canı,
Püşk atdıq, can sana sadağa düşdü.

Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam ataşdı, mən başı daşdı.
Huş başımdan çaşdı, dilim dolaşdı,
Gözlərim sataşdı, buxağa düşdü.

Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı.
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.

Yeriyirdi sana yaşılbaş, sona,
Yaraşır canana ağ nazik cuna,
Tellərində şana, əlində həna,
Yəmən, yaqut əhmər dodağa düşdü.

Çox çəkmişəm cəfa, gəl bir insafa,
And olsun Mushafa, olmam bivəfa.
Gəlmişəm təvafa, verəsən şəfa,
Ələsgər xəstədi, ocağa düşdü.