Düşkün dünya!

Vikimənbə saytından
Düşkün dünya!
Müəllif: Cəfər Cabbarlı
Şərqi

Tarixlərdə öksüz kimi göründük.
İllər boyu qaralara büründük,
Yetər artıq ayaqlarda süründük,
Qalx, qalx, qalx düşkün dünya!

Tarix cəllad qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dərdlərə durulmaz,
Qalx, qalx, qalx, düşkün dünya!

Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı,
Dünya olsun azad ana qucağı,
Qalx, qalx, qalx, düşkün dünya!

Hər bir qanun azadlığa bir yağı,
İnsan oğlu olmuş insan tapdağı,
Silkin, uçsun köləliyin torpağı,
Qalx, qalx, qalx, düşkün dünya!