Düşmüşəm (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Düşmüşəm
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

Hərcayının, dilbilməzin ucundan
Dönə-dönə nə ziyana düşmüşəm.
Doymaq olmaz gözəllərin boyundan,
Pərvanə tək yana-yana düşmüşəm.

Dövlətim çox oldu, qıymadım pula,
Kor oldu gözlərim, yapışdım dula.
Nə ölür, nə itir, canım qurtula,
Məcnun kimi biyabana düşmüşəm.

Ələsgərəm, incimişəm yarımdan,
Aləm yatmaz mənim ahü zarımdan.
Boşasam, qorxuram oğlanlarımdan,
Boşaya bilmirəm, qana düşmüşəm.