Məzmuna keç

Düşmüşəm (Kazım ağa Salik)

Vikimənbə saytından
Düşmüşəm
Müəllif: Kazım ağa Salik
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ey Leyli, mən səni görəndən bəri
Məcnun olub biyabanə düşmüşəm.
Ləbi-lolin rəngi getməz fikrimdən,
Müxtəsər ki, əcəb qanə düşmüşəm.

Mən müştağam onun nazü cəncinə,
Tab eylərəm cəfasına, rəncinə,
Əl yetirdim yaxasının gəncinə,
Gör nə bağə, nə bostanə düşmüşəm.

Boyun tənə edər sərvü çinarə,
Püstanların dəxi lirauvü narə,
Məni bundan kim çıxarır kənarə,
Nagah çahi-zənəxdanə düşmüşəm.

Nuk-müjganın tökdü əşki-ahını,
Zülfun pozdu cəmiyyəti-halımı,
Görməmişəm sənin kimi zalımı,
Çox davaya, çox divanə düşmüşəm.

Salikdir ləqəbim, Kazımdır adım,
Bilirsən ki, səndən sənsən muradım.
Demə nədir bunca ahü fəryadım,
Bir bülbüləm, gülüstanə düşmüşəm.