Məzmuna keç

Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə

Vikimənbə saytından
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə
Müəllif: İmadəddin Nəsimi


Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə,
Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.

Könlümü viran eylədim, mehrin yerin can eylədim,
Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə.

Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim,
Hərdəm mana bir dərd ilən artırma dərman üstünə.

Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi:
Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə.

Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbin
Şö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə.

Nuri-təcəlli sirrini xalında gördü gözlərim,
Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə.

Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur,
Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.