Düşsün (Aşıq Bəsti)
Görünüş
Düşsün Müəllif: Aşıq Bəsti |
Mənbə: "Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005" (PDF) (az.). ISBN 9952-418-41-5. 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-06. |
Müxənnətə can deyənin
Dili düşsün, dili düşsün.
Vədəsiz göy zəmisinə
Dolu düşsün, dolu düşsün.
Dil dedim, ağladı cahan,
Bir sirrim qalmadı pünhan,
Yurdu olsun yerlə-yeksan,
Üstdən elin yolu düşsün.
Düşmənlə kim peyman bağlar?
Sinəmdən getməyib dağlar,
Bu Bəstini qoyub ağlar -
Zalım bəyin qolu düşsün!