Düdük sədaları
Düdük sədaları Müəllif: Mikayıl Müşfiq |
Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,
Tıxanır qulağımız sinirli bir ahəngə,
O zaman xəyalımız düdüklər coşmuş sanır.
Bir cılğın ürpərişlə bu hayqıran düdüklər,
Boynumuza həyatın ağır yükünü yüklər,
Nəhayət hər tərəfdə gediş-gəliş başlanır.
Toplaşır əməkçilər iş başına həvəslə,
- Üfüqlər bürünürkən fəcirdən bir kömləyə,
Düdüklərin əmrini yerinə yetirməyə.
-Çağırınız bizləri kəsilməyən nəfəslə
Düdüklər! Yorulmadan çağırınız bizləri,
Təqib edəcəyiz bir hərəktlə sizləri.
Ey hər düdük ruhundan ruha axan sədalar,
Ürəklərdə şən əmək şamı yaxan sədalar,
Sizinlə makinanın düyünləri açılır.
Boruların ağzından qaçıb uzaqlaşınca,
Sürətli dalğalarla siz bizə yaxlaşınca,
İçimizə həyatın cilvələri saçılır.
Düdüklərin müsəsəl uzun çağırışları,
Havada bu görünməz səslərin yarışları
Sayəsində çözülür sükunətin bağları.
Bəzən təbəssümlərlə cilvələr bulursunuz,
Bəzən tutqun gözlərin şahidi olursunuz
Ey düdük sədaları! Ey düdük sədaları!