Dün o gözlərdə
Görünüş
Dün o gözlərdə Müəllif: Cəfər Cabbarlı |
Dün o gözlərdə inliyən sevgi,
O baxışlarda titrəyən xülya,
Gülüşündən uçan səmimiyyət
Varlığından gülümsəyən sevda
Ruhi sar-sar əsirin eylərdi.
Utanıb dün çiçək kibi qızaran,
Şu yanaqlar bəharə bənzərdi.
Gül dodaqlar əsər, susar, utanar,
Gözlərin bildirirdi hər dərdi.
Həm də pək şairanə söylərdi
Tellərindən öpüncə aydınlıq.
Ləblərindən gülümsüyürdü həyat
O zaman bən sənin əsirin idim,
Çünki məsum idin, fəqət heyhat!
Şimdi hər şey havaya savruldu,
Böyüdün, bir qədər də oldun şən.
Dillə "sevdim" diyorsan imdi, fəqət,
Dinməmiş gözlərindən anladığiım...
Eşq yox, zövq yox, yetər! Get, Get!..
Nerdədir gördüyüm səmimiyyət,
Niyə yavrum riyayə çevrildi?!