Dünya, sənin etibarın yox imiş
Görünüş
Dünya, sənin etibarın yox imiş Müəllif: Aşıq Pəri |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
(Mirzəcanın vəfatı münasibətilə)
Dünya, sənin etibarın yox imiş,
Bir xəbər ver, Mirzəcanı neylədin?
Neçə bəylər ilə, neçə xan ilə,
Göftarı xoş, əhli-canı neylədin?
Neçə şəhr üstünə cəng edib savaş,
Cari olub sel yerinə qanlı yaş.
Fələk, etdin taci-təxtini taraş,
Nökər, nayib, xanimanı neylədin?
Puç dünya, səndə bir yaranan hanı?
Günbəgün artırdın şövkəti, şanı,
Tiflisin sağ əli, sərdarın canı,
Viran qoyub Dağıstanı, neylədin?
O fələkdir göyü, yeri dağlayan,
Əzəl şad eyləyib sonra ağlayan,
Sinəsində şer kitabı bağlayan
Sahibi-huş, gövhər kanı neylədin?