Dünya (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dünya Müəllif: Xəstə Qasım |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Gəl bir səndən xəbər alım,
Süleymandan qalan dünya.
Əzəli gül kimi açıb,
Axırında solan dünya.
De görüm nəyə talibsən?
Dərsini kimdən alıbsan?
Neçə min yol boşalıbsan?
Neçə min yol dolan dünya.
Bu dünya fanidir, fani,
Bu dünyada qalan hanı?
Davud oğlu Süleymanı,
Öz taxtından salan dünya.
Xəstə Qasım qalıb naçar,
Bu sirri bəs kimlər açar?
Gələn qonar, qonan köçər,
Hey salarsan talan dünya.