Məzmuna keç

Dünya (Zinhari)

Vikimənbə saytından
Dünya
Müəllif: Zinhari


 
Dost olub neçə al ilə,
Gələn dünya, gələn dünya!
Axmaq qəlbə bəd fel ilə,
Dolan dünya, dolan dünya!

Vədə verib, tez unudan,
Səni sevən olar peşman,
Əvvəldən adama düşman
Olan dünya, olan dünya!

Hər adama göz yetirib,
Qəlbə yüz xəyal gətirib,
Qara torpağa ötürüb,
Qalan dünya, qalan dünya!

Səni yaxşı bilən deyər,
Dürlü məlaməti geyər,
Axmaq adam səni sevər,
Yalan dünya, yalan dünya!

Bilənə sən köhnə dükan,
Səndə yoxdur bəlli məkan,
Şəddadı bağa qoymayan,
Alan dünya, alan dünya!

Hər qəlbə saldın təşvişi.
Səni sevər namərd kişi,
Adəmzada hər bir işi
Salan dünya, salan dünya!

Zinhari der, dünya atdır,
Elə bilmə farağatdır,
Bunun axırı bərbaddır,
Talan dünya, talan dünya!