Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Görünüş
Dünya duracaq yer deyil, ey can, səfər eylə! Müəllif: İmadəddin Nəsimi |
Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın alına, andan həzər eylə!
Bir halə qərar eyləməz əyyam, keçər ömr,
Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə!
Payəndə degil dövləti, ey xacə, cahanın,
Əsbabinə aldanma, gəl andan güzər eylə!
Gər aşiq isən sidq ilə şol dilbər üçün, gəl
Can ilə cahan ortaya qoy, tərki-sər eylə!
Düşdü saçının zülmətinə könlüm, ilahi,
Şol hali pərişanə bu şami səhər eylə!
Çün hüsnünə xətm oldu bu gün dövri-məlahət,
Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə!
Gər Musiyi-Imran kimi şol narə sataşdı,
Gəl, tabişini göstərü şərhi-şəcər eylə!
Dünya evinin səltənəti beş gün imiş çün,
Bünyadını yıx, ər kimi, zirü zəbər eylə!
Şol püstədəhanın xəbərin bildi Nəsimi,
Şirinlərə şol tüngi-şəkərdən xəbər eylə!