Dünya gözəli (II nağıl)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dünya gözəli Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə. Güney Azərbaycan folkloru. I cild. Bakı,2013 |
Biri var idi, biri yox idi, Əhməd adlı bir kasıb kişi var idi. Gedərdi çöllərdən tikan qırardı, dalında bazara aparıb, beş şahıya verərdi. Beş şahını da verib çörək alardı. Çox çətinliklə bir çətən külfətini dolandırardı. Kişi canından lap bezmişdi.
Bir gün yenə tikan qırmışdı, bazara aparırdı.
Yolda bərk yorulub dedi:
– Ay ilahi, tikan şələsi mənim belimi yağır eləyib. Mən neyləyim? Bir ölüm də yoxdu, ölüm, canım qurtarsın.
Kişi uzanıb şələsinin yanında yuxuya getdi. Bu zaman bir quş gəlib, onun şələsində yumurtdadı. Yumurta çox gözəl idi. Kişi yumurtanı padşah oğluna göstərib, dedi:
– Bu qəşəng yumurtanı satıram.
Şahzadə yumurtanı alıb baxdı, gördü bu ləldi, heç qiyməti yoxdu.
Kişi elə bildi ki, şahzadə zarafat eyləyir, dedi:
– Dörd yüz tüməndən aşağı vermərəm.
Şahzadə dörd yüz tümən verib yumurtanı aldı, dedi:
Belə yumurta əlinə düşəndə gətirib mənə verərsən.
Hər gün quş gəlib onun şələsinin üstündə yumurtlayırdı, o da aparıb padşahın oğluna dörd yüz tümənə satırdı. Get-gedə kişi varlandı, böyük adam oldu. O, bütün dünya bazarlarına gedib alver edirdi. Bir gün quş gəlib onun şələsində yumurtlayanda kişi quşu tutub evinə apardı. Kişi səfərə çıxmaq fikrinə düşdü. Arvadına dedi:
– Arvad, quşun yumurtalarını gündə aparıb, şahzadəyə satarsan, hər yumurtaya dörd yüz tümən verəcək
Kişinin adı Məmməd idi. Məmməd səfərə çıxdı. Hər gün quşun yumurtasını şahzadəyə arvad aparırdı. Bir gün, iki gün, axırda arvad şahzadəyə vuruldu. Bir gün ürəyini açıb ona söylədi:
– Şahzadə, sənə vurulmuşam, gərək mənlə başbir olasan.
Şahzadə dedi:
– Quşu kəsərsən, ürəgini, böyrəklərini yeyim, sonra səninlə başbir olum.
Arvad razı oldu. Evə gəlib quşun başını kəsdi, plovu dəmə qoyub getdi şahzadəni çağırmağa. Uşaqları qazanın ağzını açıb quşun ürəyini və böyrəklərini yedilər. Bəli, arvad şahzadəni gətirdi. Plovu çəkib süfrəyə düzdü. Şahzadə yeməyə başlayanda baxdı ki, quşun ürəyi, böyrəkləri yoxdu. Arvaddan soruşdu, uşaqlar dedilər:
– Biz yedik.
Şahzadə ayağı qalxıb, dedi:
– Uşaqları öldürərsən, qarınlarından quşun ürəgini, böyrəklərini çıxardarsan, yeyərəm sonra səninlə başbir olaram.
Arvad buna razı oldu. Söz verdi ki, gecə yatanda uşaqları öldürsün. Uşaqlar bunu eşitdilər. Gecə düşən kimi qaçıb, başqa bir padşahın ölkəsinə getdilər. Bunlar bir qəbiristanlıqda yatmaq istədilər. Böyük oğlan Əhməd qardaşı Hümməti burada qoydu. Şəhərə çörək almağa getdi. Gördü adamlar bir yerə toplaşıblar. Bu da getdi, gördü şəhərin padşahı ölüb, onun üçün dövlət quşu uçururlar. Dövlət quşu kimin başına qonsa, onu padşah qoyacaqlar.
Dövlət quşunu buraxdılar. Quş gedib dövrə vurdu, aşağı enib Əhmədin başına qondu. Əhmədi döyüb qovdular. Quşu bir də uçurdular. Quş yenə gəlib Əhmədin başına qondu. Axırda onu bir dama salıb qapını bağladılar. Quşu uçurdular. Quş bacadan girib, damda Əhmədin başına qondu. Soruşdular, gördülər bu oğlan özü də padşah olmaq istəmir. Gətirib onu padşah qoydular. Padşah olandan sonra qardaşı tamam yadından çıxdı. O qəbiristanlıqda qalan qardaşı Əhmədi gözlədi, o gəlib çıxmadı. Əlacsız qalıb yola düşdü. Üç gün yol gedəndən sonra şəhərə çıxdı. Şəhərin bazarına getdi. Bazarda olanlar hamı dağılıb getdi. Bu tək qaldı. Bunu bir tacir gördü. Tacir gördü bu, qərib adamdı, evinə qonaq apardı. Oğlan başına gələni tacirə nağıl elədi. Tacir onu oğulluğa götürdü. Bunun ayağı tacirə düşdü. Tacirin qazancı gün-gündən artmağa başladı. Oğlanın başının altından hər gecə bir kisə qızıl çıxırdı. Oğlan qırx gecənin qırx kisə qızılını götürdü, tacirdən də çoxlu qızıl aldı. Bir başqa şəhərdə bir dükan açdı. Bir gün ona dedilər, filan yerdə bir dünya gözəli var. O, üzünün bir tərəfini göstərir, hər kim baxsa, yüz tümən verir. Oğlan hər gün gedib dünya gözəlinin bir üzünə baxır, yüz tümən verirdi.
Dünya gözəli məəttəl qalır ki, bu necə işdi, bu kimdi ki, gündə mənə yüz tümən verir, yenə qurtarmır. Bir gün oğlan yenə gəldi, yüz tümən verib qızın üzünə baxanda, qız onu evinə apardı. Oğlan baxdı ki, doğurdan da bu dünya gözəli imiş. Qız ondan soruşdu:
– Bu qədər variyyəti hardan alırsan?
Oğlan dedi:
– Bir quşun ürəyini yemişəm, hər yatıb duranda başımın altında bir kisə qızıl olur.
Dünya gözəli ona elə yemək verdi ki, oğlan quşun ürəyini qusdu. Dünya gözəli o saat ürəyi götürüb uddu. Dünya gözəli hər yatıb duranda başının altında bir kisə qızıl olurdu. Oğlan heç tacirin evinə də getmədi, baş götürüb şəhərdən çıxdı. Bir səhraya çatıb gördü ki, üç dərviş üç şey üstündə vuruşurlar. Oğlan dedi:
– Bu nə şeydi ki, üstündə dava eləyirsiniz?
Ona dedilər:
Şərrimizi sən kəs, kim bu xalçanın üstündə oturub, “həzrəti-Süleyman eşqinə” deyib, haranı istəsə, xalça uçar, hara istəsə onu ora aparar. Fəsi başına qoyub, hər kəsi qamçı ilə vursan, nə desən, o, olar. Süfrəni də açsan, bütün nemətlər üstündə düzülmüş olar. Oğlan dedi:
– Mən üç ox ataram, hər kəs oxu tez götürüb qayıtsa, istədigi şeyi götürər.
Dərvişlər razı oldular. Oğlan üç ox atdı, bunlar oxun dalısınca yürüşəndə oğlan xalçanı açıb, şeyləri də götürüb, xalçanın üstündə oturub dedi:
– Həzrəti-Süleyman eşqinə, dünya gözəlinin evinə apar.
Xalça göyə qalxdı, onu dünya gözəlinin evinə apardı. Dünya gözəli xalçanı əl-dil ilə Hümmətdən alıb dedi:
– Gəl üstündə oturaq, səyahətə çıxaq.
Hər ikisi xalçanın üstündə oturdular. Dünya gözəli dedi:
Həzrəti-Süleyman eşqinə, dəryanın ortasında cəzirədə olaq.
Xalça göyə qalxıb, onları dəryanın ortasında olan cəzirəyə apardı. Gecə oldu, Hümmət yıxılıb yatdı. Dünya gözəli onun yuxuya getdiyini gördü. Fürsət tapıb, xalçanın üstündə oturub dedi:
– Həzrəti-Süleyman eşqinə, öz evimdə olum.
Xalça göyə qalxıb onu öz evinə gətirdi. O biri tərəfdən Hümmət ayılıb gördü qız yoxdu, xalça da, hər tərəf vəhşi heyvandı. Gəzib dolandı, gördü bir alma var. Almadan birini dərib yeyən kimi buynuz çıxartdı, heyvanlar ondan qorxub, səmtinə getmirdilər. Bir qədər getdi gördü ki, gülövşə nar var. Nardan birini yeyən kimi buynuzları düşdü. Bir taxta parçası tapıb dəryaya saldı, üstünə minib kənara çıxdı. Dəryadan çıxandan sonra yola düşüb, düz dünya gözəlinin evinə gəldi. Dünya gözəli işvə-naz atıb, onun könlünü aldı, dedi:
– Səni sınayırdım ki, görəm məni ürəkdən sevirsən?
Hazırlaşırdım bu saat geri qayıdıb, cəzirəyə gələcəkdim.
Amma Hümmət ona inanmadı. Bir alma verdi, qız uzun buynuzlar çıxartdı. Dünya gözəli ağlaya-ağlaya dedi:
– Amandı, Hümmət, məni biabır eləmə, bir çarə elə buynuzu sal.
Hümmət dedi:
– Süfrəni, xalçanı, fəsi, bir də qamçını ver, buynuzlarını salım. Dünya gözəli bu şeyləri ona verdi, oğlan dedi:
– Ürəyi də qus, buynuzları salım.
Qız qusdu, quşun ürəyi gəlib düşdü. Hümmət o saat ürəyi götürüb uddu, qıza bir nar verdi. Qız narı yeyən kimi buynuzları düşdü. Qız birdən qaçıb xalçanı götürmək istədi. Oğlan tez fəsi başına qoyub, dünya gözəlinə bir şallaq vurub dedi:
– Ay tazı, neyləyirsən?
Dünya gözəli bir tazı olub küçəyə düşdü. İtlər onu o qədər boğdular, taqəti qalmadı. Canı tamam yara oldu. Tazı sülənə-sülənə padşahın barigahının qabağına getdi. Nə qədər döydülər getmədi. Nə qədər tilsimkar, rəmmal var idi, topladılar. Heç biri tazının çıxıb getməyinin səbəbini bilmədi. Şah hər yerə elan verdi, kim tazının məndən nə istədigini bilsə, dünya malından onu qane edəcəyəm. Hümmət bunu eşidib gəldi, dedi:
– Şah sağ olsun, bu dünya gözəlidi. Tazı şəklinə düşüb.
Padşah təəccüb eləyib dedi:
– Bu niyə tazı olsun?
Hümmət bütün əhvalatı mən sizə nağıl elədiyim kimi, başdanayağa padşaha nağıl elədi. Əhməd padşah baxdı ki, bu, öz qardaşı Hümmətdi. Öpüşüb görüşdülər. Hümmət bir çubuq vurub qızı öz halına gətirdi. Elə bil gün buludun altından çıxdı. Hamının gözü qamaşdı. Əhməd şah qırx gün, qırx gecə toy elədi. Dünya gözəlini qardaşı Hümmətə aldı. Onlar yaşayıb dövran keçirdilər.