Məzmuna keç

Dünyadı (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünyadı (Molla Cümə)
Müəllif: Molla Cümə
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Ta ki, mənə mədh eyləmə dünyanı,
Ha bu dünya bir bekara dünyadı.
Hələ Adəm peyğəmbərdən qabağa
Bir üzü ağ, biri qara dünyadı.

Dünyaya düşənlər qismətin yeyər,
Kamillər agahdı, cahillər uyar,
Sehrkardı, işin bilənlər duyar,
Vəfasızdır, təm məkkara dünyadı.

Altun səfalıdı, mədən səfasız,
Təbib şəfalıdı, xəstə şəfasız,
İnsan vəfalıdır, dünya vəfasız,
Əlbət, yaxşı bixəbərə dünyadı.

Dəryalar bulanmaz daş düşməyinnən,
Qəvvaslar qərq olmaz su daşmağınnan,
Ariflər anlayar danışmağınnan,
Əlarifə yek işarə dünyadı.

Ağır suya girmə, keçə bilməzsən,
Yıxar səni, çıxıb qaça bilməzsən,
Qırar qanadların, uça bilməzsən,
Şahin-şonqar dönən sara dünyadı.

Ovçu-maral sözün qırağa qoyaq,
Bir məndən, bin səndən, gəl, indi deyək.
Əyri oturuban doğru söyləyək,
Söhbət qatan zəhrimara dünyadı.

Heç oxşarmı günə lampa işığı,
Qarın doymaz yalamaqla qaşığı,
Molla Cümə, sənin kimi aşığı
Kəmənd ilə çəkən dara dünyadı.