Məzmuna keç

Dünyada (Öysüzlü Səməd)

Vikimənbə saytından
Dünyada
Müəllif: Öysüzlü Səməd
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Bu qoca dünyada yox ömrə vəfa,
Görün olacaqdır nələr dünyada.
İnsan olan şirin-şirin danışar,
Heyvan olan gedər, mələr dünyada.

Yeddi yerir, səkkiz çəkir, beş mələr,
Mənəm deyənlərin yurdu “heç” mələr,
Axan sular, qaynar bulaq çeşmələr,
Necə olacaqdı sular dünyada?

Üstündən el köçmüş dağlar görmüşəm,
Dağılmış, talanmış bağlar görmüşəm,
Mənəm deyənləri ağlar görmüşəm,
Kimsə ağlar, kimsə gülər dünyada.

Səməd ki, var bir quruca cəsəddi,
Dünyada hamıya ölüm qismətdi,
Qanlı fələk, bəs bu necə mürvətdi,
Cavan oğlanlar da ölər dünyada.