Dünyada (Aşıq Nəcəf Əlimərdanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünyada
Müəllif: Aşıq Nəcəf Əlimərdanlı
Mənbə: Seçmə aşıq şeirləri. 3 cilddə. I cild (az). DGTYB (2011). Orijinal mənbədən 2016-04-01 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Vəzifə bir atdır, hər minən çapar,
Nəcabəti olan bilər dünyada.
Atalar sözüdür, axtaran tapar,
Gəzən bəlasını bular dünyada.

Övlada vəfa yox, ömrə etibar,
Lazımsa, cənnəti özünlə apar.
Simuzər toplayıb, vurasan anbar,
Əli boş gedərsən, qalar dünyada.

Alçaqda oturub, hündürdən vurma,
Şərə fitnə verib, hiylə də qurma,
Çox alçaq dolanma, lovğa da durma,
Lovğalıq insanı salar dünyada.

Nəcəf, xaliq sənə bəxş eyləyib sur,
Ucaltma özünü, bir havada dur.
Dağlardan uca da olsa təkəbbür,
Çox ucalmaz, tez alçalar dünyada.