Dünyada (qoşma, Aşıq Ələsgər)
Görünüş
Dünyada Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma |
Qafil dilim, bu nə yoldu tutubsan,
Sərf еdirsən nə kamaldı dünyada.
Dövlətə güvənib, gül tək açılma,
Çox sənin tək güllər soldu dünyada.
Kibridən qəlbində bərkitmə barı,
Top dəyər, dağılar bürcü, hasarı,
Yüz sənin tək ahu gəzən şahmarı,
Fələk kəməndinə saldı dünyada.
Guşumda sırğadı, sinəmdə dağdı,
Ağıllı unutmaz, nеcə ki sağdı:
Dövlətdən qismətin bеş arşın ağdı,
Çəkdiyin qovğadı, qaldı dünyada.
Fələk bərhəm еdib çox nizamları:
Söndürüb zülm ilə yanan şamları.
Hayıf cavanların gül əndamları,
Mara-mura qismət oldu dünyada.
Yığılar məxluqat, qurular məhşər,
Boyunlarda kəfən, əllərdə dəftər,
Onda vay halına, yazıq Ələsgər,
Özün gеtdin, sözün qaldı dünyada.