Məzmuna keç

Dünyanın yaradılması, Man xalqının (Vyetnam) əfsanəsi

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dünyanın yaradılması, Man xalqının (Vyetnam) əfsanəsi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Tanrının insanları və heyvanları təzəcə yaratdığı vaxtların söhbətidi. Həmin vaxtlar yer üzündə Tyanq Lo Ko adlı ruh yaşayırdı. O, banan yarpaqlarından özünə böyük bir ev düzəltmişdi, amma İldırımlar ruhu Lyun Kunq onun evini yandıra bilməmişdi. Bu iki ruh arasında daima mübarizə gedirdi, amma heç biri qələbə çala bilmirdi.

Bir dəfə İldırımlar ruhu Tyanq Lo Konun evini dağıtmaq həvəsiylə göydən yerə endi. Lakin onun rəqibi daha çevik tərpəndi. İldırımlar ruhunu tutub Xoruza çevirdi. Tyanq Lo Ko Xoruzu qəfəsə saldı və ona nə yemək, nə də su verdi. O, çox gözəl bilirdi ki, İldırımlar ruhunun ağzına bircə damcı su dəysə, Xoruzluqdan çıxacaq. Xoruz uzun müddət düşməninə yalvardı-yaxardı ki, susuzluqdan ölürəm, mənə su ver. Əvəzində qiymətli dimdiyini ona verəcəyini vəd elədi. Nəhayət, Tyanq Lo Ko rəhmə gəldi və ona bir neçə damcı su verdi, həmin andaca Xoruz yenidən İldırımlar ruhuna çevrildi, qəfəsi dağıtdı və göyə qalxdı. İldırımlar ruhunun Tyanq Lo Koya verdiyi dimdik isə təkcə iri bir meyvəsi olan ağaca çevrildi.

Həmin vaxtlar Fu Xay adlı cavan bir oğlan yaşayırdı və onun bir bacısı vardı. Bir dəfə cənnət quşları qardaş-bacıya baş çəkib xəbər verdilər ki, bu yaxınlarda yer üzündə böyük fəlakət baş verəcək. Onlar gənc Fu Xaya və bacısına məsləhət gördülər ki, heyvanları, toxumları özləri ilə götürsünlər və Tyanq Lo Konun iri meyvəsində gizlənsinlər.

Tyanq Lo Ko isə İldırımlar ruhunun kələyindən yaman qəzəblənmişdi, özünə yer tapmırdı, bilmirdi ki, hiyləgər Lyun Kunqdan necə intiqam alsın. Nəhayət, qərara aldı ki, Lyun Kunqu göydə ələ keçirsin. Bunun üçün o, böyük bir çayın qarşısını bəndlə bağladı və suyu göyə qədər qaldırdı. Tyanq Lo Ko yüngül banan evi ilə göyə qalxdı və İldırımlar ruhunu döyüşə çağırdı. Amma Lyun Kunq güclü Tyanq Lo Ko ilə döyüşmək istə- mədi, bəndi dağıtdı və su dənizə sarı axmağa başladı. Axın, Tyanq Lo Konu da dənizə sarı apardı. Yolda onun başı Kon Lon dağına dəydi və dəyən kimi də öldü. Cavan oğlan Fu Xay və bacısının içində oturduqları meyvə də həmin dağa dəydi, lakin qırılmadı, daşların arasında ilişib qaldı.

Su azalanda qardaş və bacı meyvənin içindən çıxdılar, insanları axtarmağa üz tutdular: qardaş tezliklə özünə arvad, bacı isə ər tapmaq istəyirdi. Yolda onlar tısbağa ilə rastlaşdılar. Tısbağa qardaş və bacının arzusunu bildi və onlara məsləhət gördü ki, boş yerə vaxt itirməsinlər. bir-biri ilə evlənsinlər, çünki yer üzündə daha insan qalmayıbdı. Fu Xay elə bildi ki, tısbağa onları ələ salır, qəzəbləndi və onu ağacla döyməyə başladı. Cavan oğlan elə canfəşanlıq göstərdi ki, Tısbağanın çanağını xırda hissələrə parçaladı. Tısbağanın parçalanmış çanağının birləşməsi, ancaq izin qalması qardaş və bacını heyrətə saldı. Həmin vaxtdan yer üzündəki bütün tısbağaların çanağı çoxlu kiçik parçaların bitişiyindən ibarətdir.

Qardaş-bacı yollarına davam etdilər və Bambuka rast gəldilər. Bambuk onlara tısbağanın sözünü yerinə yetirməyi məsləhət gördü. Fu Xay lap cin atına mindi, Bambukun gövdəsini parçaparça edib yerə tulladı. Amma həmin andaca Bambukun qırıqları birləşib yenidən ağaca çevrildi. Qardaş və bacı heyrət içində yollarına davam elədilər. Həmin vaxtlardan Bambukların hamısının qəribə görkəmi var, onlar elə bil ayrı-ayrı borucuqlardan ibarətdir.

Qardaş və bacı çox gəzib dolaşdılar, lakin onların qarşısına adam çıxmadı. Nəhayət, onlar evlənmək qərarına gəldilər. Tezliklə bacı böyük bir meyvə doğdu. Fu Xay meyvəni paraladı, tumlarını çıxartdı və arvadına əmr etdi ki, onları torpağa basdırsın. Bir müddətdən sonra tumlardan adamlar çıxdılar, onlar da başqa adamlar doğub-törədilər. Yer üzündə man xalqı beləcə yarandı.

Daşqından sonra göydə on iki günəş, ay və ulduz parladı, tanrı onlara torpağı qurutmağı əmr elədi. Tezliklə yer qurudu, on iki göy cismi isə qaynar şüalarını yerə göndərməkdə davam edirdilər. İnsanlar istidən çox əzab çəkirdilər. Bitkilər isə qurumağa başlamışdı. Man xalqının arasında Lıonq Vunq adlı cəsarətli bir adam vardı, o, özünün sərrast kamanı ilə göydəkilərin on dənəsini yox elədi, ancaq bir günəş və bir ay saxladı.