Dünyanın yaradılması (Vyetnam əfsanəsi)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dünyanın yaradılması Müəllif: Şifahi xalq ədəbiyyatı |
Tanrı Ti Lyau yeri-göyü yaradandan sonra dünyanı işıqlandırmaq
və isitmək üçün on Günəş, doqquz Ay və saysız-hesabsız
parlaq Ulduz yandırdı. Sonra o, Günəşləri və Ayları canlandırdı,
onları oğlanlara və qızlara çevirdi. Tanrı Ti Lyaunun yaratdığı
on Günəş güclü və gözəl oğlan, Aylar isə – qamətli və incə
qız oldular. Onlar yeddi il fasilə vermədən əzəli yerə işıq və isti
payladılar, buna görə də gündüzlə gecə arasında fərq yox idi.
Yer quruyandan sonra tanrı Ti Lyau bitkiləri, heyvanları və
insanları yaratdı. İnsanı tanrı torpaqdan düzəltdi və ona həyat
verdi. İnsanlar, bitkilər və heyvanlar sürətlə artırdılar, tezliklə
bütün dünyanı tutdular. Lakin insanlar qorxu-hürkü içində yaşayırdılar:
qorxurdular ki, on Günəş, doqquz Ay və Ulduzlar qopub
başlarına düşər, tanrıya yalvarırdılar ki, Günəşləri, Ayları və Ulduzları
söndürsün. Tanrı onların yalvarışlarına məhəl qoymadı,
amma insanları sakitləşdirmək üçün yerlə səma çıraqları arasına
göy qübbəsinin mavi şəffaf torunu çəkdi. İnsanlar müvəqqəti
olaraq sakitləşdilər. Sonra yenidən şikayətlər başlandı, çünki
səma çıraqları yerə elə istilik saçırdılar ki, nəfəs almaq olmurdu.
İnsan ağacları kəsib iri yay-ox düzəltdilər, Günəşləri, Ayları və
Ulduzları oxa tutmağa başladılar. Onlar doqquz Günəş və səkkiz
Ay vura bildilər, vurulmuş günəşlər və aylar söndülər. Lakin bir
Günəş və bir Ay bic tərpəndi, sağ-salamat qaldı. İnsanların can
qurtara bilmədikləri zil qaranlıq və soyuq dünyanı başına götürdü.
Vəziyyətin pisləşdiyini görən insanlar Günəşə və Aya yalvarmağa
başladılar ki, geri qayıtsınlar, dünyanı ilıq şəfəqləri ilə
isitsinlər, lakin onların yalvarışlarından kar aşmadı. Minnətə pələngi
göndərdilər: pələng Günəşdən və Aydan xahiş eləməliydi
ki, buludlar arxasından çıxsınlar.
Lakin nə pələng, nə də insanlar Günəş və Ayı geri qaytara bilmədilər. Dünyanı xilas etmək Xoruzun boynuna düşdü. İşığını və istisini Yer kürəsindən əsirgəməsinlər deyə, xoruz yeddi il
Ayı, Günəşi dilə tutdu. Nəhayət, onlar rəhmə gəldilər. Xoruzun inadkarlığından xəbər tutan tanrı Ti Lyau ona qırmızı pipik bağışladı, o vaxtdan yer üzündəki xoruzlar bu pipiyi vüqarla gəzdirirlər. Həmin vaxtlar insanlar doqquz yüz il yaşayırdılar, sonra isə Zi Zianq Kanın ilahi bağına düşürdülər, on iki gün ilahi bağda yaşayandan sonra yenidən cavanlaşırdılar. İnsanlar cavanlaşıb yer üzünə qayıdır və doqquz yüz il də yaşayırdılar. Ailələrin birində qayınana ilə gəlin dalaşanacan həyat beləcə davam edirdi. Qayınana Zi Zanq Ka bağına düşür, kibrli gəlinini görməmək üçün yer üzünə qayıtmamaq qərarına gəlir. Bunun üçün tanrıların qadağan elədiyi ağ şaftalı meyvəsindən yeyir, üstündən də qadağan olunmuş bulaqdan su içir. Tanrı qəzəblənir, insanları bir daha Zi Zianq Ka bağına buraxmamağı tapşırır. O vaxtdan ölən insanlar yenidən cavanlaşa və yenidən yer üzünə qayıda bilmirlər.
Həmin vaxtlar dünyada yaşamaq asan idi. Torpağa düyü və qarğıdalı səpməklə insanların işi qurtarırdı, taxıl öz-özünə gəlirdi, qarğıdalının yarpaqları isə çox dadlı olurdu. Dünyada bir adam vardı, tarlalarda işləyənlərə xörək paylayırdı. Adamlar tez-tez işləyirdilər, xörək paylayan isə tənbəlliyi və ləngliyi ucbatından çatdırmırdı. O tarlanın bu başına yaxınlaşmamış, adamlar o biri başa çatırdılar. Tənbəl tanrıya yalvarmağa başladı ki, alaq otunu çoxaltsın, insanların işi çətinləşsin. Tanrı tənbəlin sözünə əməl elədi, o vaxtdan tarlada iş yaman ağırlaşdı.
İnsanların arasında bir tənbəl arvad da yaşayırdı. Arvad evinə süpürgə çəkməzdi, onun pintiliyindən inciyən düyü ilə qarğıdalı arvadın evindən ayaqlarını kəsdilər. Tanrı Ti Lyaunun adamları yer üzündə yerləşdirdiyi gündən doqquz min il keçdi. Günlərin bir günü iki qardaş tarlada işləyirdi. Onlar torpağı nə qədər şumlayırdılarsa, tarla dümdüz qalırdı, yumşalmaq bilmirdi. Qardaşlar qərara aldılar ki, tarlanı hamarlaşdıran və işlərinə pəl vuran adamı güdüb tapsınlar. Gecənin girt yarısı gördülər ki, bir qoca tələm-tələsik şumu tapdalayır.
Böyük qardaş dözə bilməyib, öldürmək qəsdi ilə qocanın üstünə atıldı, lakin kiçik qardaş onu saxladı və:
– Şumu niyə ayaqlayırsan? – deyə qocanı dayandırdı.
Qoca cavab verdi:
– Tezliklə daşqın olacaq. Yeri şumlamaq lazım deyil.
Kiçik qardaş yenə soruşdu:
– Bəs daşqın olsa, özümüzü necə qurtaraq?
Qoca cavab verdi:
– Sən özünə ağacdan təbil düzəlt, qardaşın isə qoy misdən düzəltsin. Təbillərə düyü və başqa bitki toxumları qoyun, bundan başqa, ev heyvanları da yerləşdirin. Dediyimi eləsəniz, daşqından sizə xətər yetişməyəcək.
Qoca sözünü bitirib qeyb oldu.
Yağışlar mövsümü başladı. Dörd ay ara vermədən leysan tökdü. Su lap göyəcən qalxdı. Əkin-səpin yerlə yeksan oldu. Böyük qardaş da mis təbilində batdı. Təkcə ağac təbildə gizlənən kiçik qardaşla bacısı suyun üzündə göyə qalxdılar. Göydə tanrı onları gördü, yazığı gəldi, doqquz əjdahaya yeri qurutmağı əmr elədi.
Əlli gün keçdi, ağac təbil suyun üzündə yerə endi. Yeri qatı palçıq örtmüşdü, ayaq basmaq mümkün deyildi. İri bir qartal qardaşla bacını quru yerə apardı. Qartal, qardaş və bacı acından ölürdülər. Onlar bir-birinin ətini yedilər: qartal ətindən bir parça qopardıb qardaşla bacıya verdi, qardaş və bacı ətlərindən kəsib ona verdilər. Sonra onlar təbildəki toxumu səpdilər və heyvanları çölə buraxdılar.
Yer üzündə adam qalmamışdı və qardaş bacısından xahiş elədi ki, onun arvadı olsun. Lakin bacı razılıq vermədi. Qardaş inadkarlıq göstərdi. Bacı əlacsız qalıb dedi ki, tanrıların məsləhətindən çıxmayacaq. Lakin tanrı uzaqdaydı. Qardaş və bacı iki yüngül sal düzəldib, göyə buraxdılar, salın arxasınca iki iynə və iki mis pul atdılar. Sallar, pullar və iynələr göyə çatdılar, tanrı hər iki salı, hər iki pulu, hər iki iynəni birləşdirdi. Bununla da tanrı qardaş və bacıya məsləhətini çatdırdı.
Tezliklə bacı böyük bir yumurta doğdu. Qardaş güman elədi ki, uşaq yumurtanın içindədir, buna görə də yumurtanı yarı böldü. Lakin yumurtanın içindən ət çıxdı. Qardaş əti xırda-xırda doğradı və hər tikə bir adama çevrildi. Doğulmuş adamlar cütcüt yaşamağa başladılar və onlardan da çoxlu adamlar törədilər. Yer üzündə adamların sayı yenidən çoxaldı, onlar yenidən müqəddəs Zi Zanq Ka bağını xatırladılar və bağı axtarıb tapmaq qərarına gəldilər. İnsanlar sözləşdilər ki, pilləli uca bir qüllə tiksinlər və göyə qalxsınlar. Tanrı bundan xəbər tutdu və İldırıma əmr elədi ki, qülləni dağıtsın. Bundan sonra tanrı hərəyə bir dil verdi, hərə öz dilində danışırdı, adamlar bir-birini başa düşmürdülər, çünki tanrı ehtiyat edirdi ki, insanlar yenidən sözü bir yerə qoyub qüllə tikməyə başlayarlar və onu narahat edərlər. O vaxtdan insanlar müxtəlif yerlərə dağılışdılar və ayrı-ayrı tayfa kimi yaşamağa başladılar.
Meo tayfası başqa tayfalardan tez artırdı və ən güclü tayfalardan birinə çevrildi. Meo xalqı soyuq şimal rayonunda yaşayırdı, burada ilin altı ayı gecə keçirdi. Buna görə də meo tayfası tədricən daha isti və gecələri daha qısa olan cənuba doğru hərəkət edirdi.
Meo xalqının ilk kralı anasının bətnində üç il qalması və doğulandan sonra qızıl sarayda yaşaması ilə şöhrət qazanmışdı. Cənub Ölkəsində yaşayan xalqlar uzun müddət torpaq üstə dava döydülər. Razılığa gələ bilməyib belə şərt kəsdilər: günəşin ilk şüaları şəfəq saçan kimi qaçmağa başlasınlar və günəş doğanda yetişdikləri torpaq onların olsun. Günəşin ilk şüaları göydə görünənə kimi, meo xalqı uca dağların zirvələrinə çatdı. Buna görə də o vaxtdan meolar dağlarda, başqa xalqlar isə düzənliklərdə yaşayırdılar.