Məzmuna keç

Dürüst dər məni

Vikimənbə saytından
Dürüst dər məni
Müəllif: Hüseyn Şəmkirli
Mənbə: "Aşıq təcnisləri" (şeir antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, 2022.

Ey şahi zülfüqar, Düldüləsüvar,
Səndədir dərdimin dürüst-dərməni.
Hicran bağçasında xub yetişmişəm,
Dərmək istəyirsən dürüst dər məni.

Qanana qul, qanmayana yamanam,
Baxtı qara ya dostumdu, ya mənəm.
Sərrafın dəstində yaqut, yamənəm,
Zərgər zərə tutar dürüstdər məni.

Aşıq Hüseyn sözün deyər bu dağa,
Oxu dərsin əzəl başdan bu dağa.
Müxənnəsin təpəsindən buda, ağa,
Onlardan yaxşıdı dürüst erməni.