Məzmuna keç

Düyü və pambıq

Vikimənbə saytından
Düyü və pambıq
Müəllif: Şifahi xalq ədəbiyyatı


Göy tanrısı yeri və insanları yaradandan sonra paltar-palaz və yemək bol olsun deyə, onlara düyü və pambıq da vermək qərarına gəldi. Tanrı bütün heyvanları çağırdı və xahiş elədi ki, fikirlərini söyləsinlər. Heyvanlar bir səs-küy saldılar ki, gəl görəsən: onlar mübahisə edir, qızışır, bir-birinin sözünü kəsirdilər. Nəhayət, məlum oldu ki, heyvanların bəziləri Filin, bəziləri də Kərtənkələnin fikrinə şərikdirlər.

Fil, sünbülləri fil quyruğu kimi böyük və yoğun olan düyü yaratmağı təklif elədi. Kərtənkələ isə ayağını dirəmişdi ki, düyünün sünbülləri onun quyruğuna bənzəsin.

Pambığın müzakirəsində fikirlər haçalandı. Heyvanların bəziləri Fillə, bəziləri də Kərtənkələ ilə razılaşırdı.

Fil qeyzlə israr edirdi ki, pambığı onun başının formasında və ölçülərində düzəltsinlər, Kərtənkələ isə tələb edirdi ki, pambığa onun başının formasını və ölçülərini versinlər. Pələng, Ayı, Bəbir və başqa iri heyvanlar Filin tərəfindəydilər. Dovşanlar, Qarışqalar, Siçanlar, Pişiklər kimi xırda heyvan və həşəratlar Kərtənkələnin tərəfini saxlayırdılar. Fil gurultu salmışdı:

– Yeməyin və paltarın bolluğu üçün düyü də, pambıq da böyük olmalıdı. Uca və yoğun gövdədə yekə düyü dənələri və iri pambıq qozaları bitməlidi...

– Düyünün və pambığın iriliyi narahatçılıq doğuracaq, – deyə Kərtənkələ cır səslə özünü müdafiə elədi. – Axı, yer üzündə xırda heyvanlar daha çoxdu və onların əli Filin təklif elədiyi nəhəng düyü sünbüllərinə və pambıq qozalarına çatmayacaq...

Filin özü qarnını doydurmaq və paltar geymək istəyəndə, zəhmət çəkər, düyüdən və pambıqdan artıq yığar.

Mübahisə xeyli uzandı. Nəhayət, tanrının işarəsi ilə səs-küy kəsildi. Sonra tanrı elan elədi ki, Kərtənkələnin məsləhətinə əməl edərək, düyünü və pambığı xırda ölçülərdə yaratmağı qərara alıb. Tanrının Kərtənkələnin tərəfinə keçdiyini görən Fildə Kərtənkələyə və onu müdafiə edənlərə qarşı ehtiram yarandı. O vaxtdan Fil heç vaxt qarışqalara, kərtənkələlərə və başqa kiçik heyvanlara dəyib toxunmur.