Düzələ bilməz
Görünüş
Düzələ bilməz Müəllif: Aşıq Alı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Dərmansızdı bəd övladdan gələn dərd,
Bu dərd əyən ata düzələ bilməz.
Dilin yarasından kəc olan könül,
Gedər qiyamata, düzələ bilməz.
Bu dünyada arsız gəzməyə nə var,
Tufansız ümmanda üzməyə nə var,
Mərdin cəfasına dözməyə nə var,
Namərd vuran xata düzələ bilməz.
İnsafdımı, Aşıq Alı qocala,
Müddəilər gələ, ondan bac ala!?
Bir kimsə ki, gədəlikdən ucala,
Başı ərşə çata, düzələ bilməz.