Məzmuna keç

Dəli könül, məndən sənə əmanət

Vikimənbə saytından
Dəli könül, məndən sənə əmanət
Müəllif: Xəstə Qasım
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar, qohum, qardaş yad olar
Demə ulusum var, elim yaxşıdı.

Bir məclisə varsan özünü öymə,
Şeytana bac verib, kimsəyə söymə,
Qüvvətli olsan da yoxsulu döymə,
Demə ki, zorluyam, qolum yaxşıdı.

Qoçaqdan olubsan, qoçaq olgunan,
Qadadan, baladan qaçaq olgunan,
Aşıq ol, comərd ol, alçaq olgunan,
Demə; varım çoxdur, pulum yaxşıdı.

Xəstə Qasım, kimə qılsın dadını?
Canı çıxsın, özü çəksin odunu,
Yaxşı igid yaman etməz adını,
Çünki yaman addan ölüm yaxşıdı.