Məzmuna keç

Dəng olduq

Vikimənbə saytından
Dəng olduq
Müəllif: Cəfər Cabbarlı

Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!
Bir gün olurmu millət azad sənin əlindən?

Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;
Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.
Ta hər işin o şəxsin məxluqa bildirirsən.
Bir biclik etməyir xalq icad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?

Dəllək dükanın etdi bir kəs qumar yuvası;
Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;
Yazdın onu qəzetdə, dağıldı hər əsası,
Çox keçmədi ki, oldu bərbad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?

Biçarə Vamiq oldu avara öz elindən,
Məcnunu sən ayırdın Leyli kimi gülündən,
Hətta bu cür deyirlər, bir ravinin dilindən:
Başın daşa çahbdir Fərhad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?

Hərgah sən olmasaydın hər kəs işin bilərdi;
Birsi adam soyardı, birsi cibə girərdi;
Firon hələ min il də Allahlıq eyləyərdi.
Gizləndi qəbr evində Şəddad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?

Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;
Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu
Yixdm evin bu xalqın, adə, a zalım oğlu!
Vallah, camaat olmur dilşad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Təngə gəlib xəlayiq, fəryad sənin əlindən!..