Məzmuna keç

Dərdü qəm ilə yandı könül, yar bulunmaz

Vikimənbə saytından
Dərdü qəm ilə yandı könül, yar bulunmaz
Müəllif: İmadəddin Nəsimi


Dərdü qəm ilə yandı könül, yar bulunmaz,
Çox darü diyar istədi, dəyyar bulunmaz.

Yaram, deyici çoxdurur, amma bəhəqiqət,
Fürsət gəlicək, yari-vəfadar bulunmaz.

Adət budurur kim, dili dildara verərlər,
Dil getdi əlimizdənü dildar bulunmaz.

Neçə kişilər də’viyi-islam edər, amma
Tək arada bir xaç ilə zünnar bulunmaz.

Hər bihünər, insafı yox uş mənsəbi tutdu,
Sahibhünərə mənsəbi-idrar bulunmaz.

Hər kişidə bir cübbəvü dəstar olur, amma
Min başda biri layiqi-dəstar bulunmaz.

Çün çərxi-fələk cahilü nadan sevər oldu,
Pəs lacərəm uş fəzlə xəridar bulunmaz.

Tərrar gər aparsa qamu rəxti rəvadır,
Çün qafilədə bir kişi bidar bulunmaz.

Xəlqin əməli azdı, könül yıxıcı öküş,
Bir xəstə könül yapıcı me’mar bulunmaz.

Var, dərdə təhəmmül qılü səbr eylə cəfaya,
Çün dil diləyi əndəkü bisyar bulunmaz.

Zərq işi, riya üştə kasad eylədi fəzli,
Elm əhlinə bir rövnəqi-bazar bulunmaz.

Var özüni faş etmə, Nəsimi, kişiyə kim,
Aləmdə bu gün məhrəmi-əsrar bulunmaz