Dərd ayağından

Vikimənbə saytından
Dərd ayağından
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başına döndüyüm, ay Gülgəz Pəri,
Çəkərəm hicranı dərd ayağından.
Elin töhmətindən, fələk cəbrindən,
Düşmüşəm çöllərə dərd ayağından.

Pərim, sənin üzün görən tər salar,
Öldürsələr meyli dönməz tərsalar,
Hicrandan məşq alar, qəmdən dərs alar,
Sən mənə dərs verdin dərd ayağından.

Qabaq Aydır, zülf buluddur, üz gündür,
Sənsiz mənim bir saatım yüz gündür,
Heç demirsən, qul Abbasım üzgündür,
Qəm başından tutar, dərd ayağından.