Məzmuna keç

Dərvişin kələyi

Vikimənbə saytından
Rəvayətlər. Dərvişin kələyi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir oğlan gəzirmiş, görür ki, qayanın üstündə çılpaq bir qız var. Qız ondan paltar istəyir. Oğlan qızı geyindirib gətirir evə. İstəyir onunla evlənsin. Bir dərviş gəlir, oğlana deyir ki, bu, qız cildinə düşmüş ilandır. Evlənsən səni öldürəcək.

Oğlan inanmır, deyir ki, bu qız gələndən mənim ruzim artıb, hara getmişəm, işim düzəlib, sən yalan deyirsən.

Dərviş deyir ki, inanmırsansa, ona duzlu yemək ver, evə də su qoyma, qapını bağlayıb gizlən, bax gör nə olur?

Oğlan elə də edir. Görür ki, qız evdə su tapa bilmədi. Qapı bağlı olduğundan eşiyə də çıxa bilmədi. Birdən nazik bir ilana çevrilib deşikdən çıxdı eşiyə. Su içib qayıtdı içəri, yenə də düşdü qız cildinə. Oğlan görür ki, dərviş düz deyirmiş. Soruşur ki, bəs nə edim? Dərviş deyir ki, qıza de, çörək yapsın. Çörək yapanda sal təndirə yandır. Oğlan gəlib qıza deyir ki, dur, çörək yap. Qız durub çörək yapanda oğlan onu itələyib salır təndirə. Təndirin də ağzını örtür. Bu vaxtı dərviş gəlir, oğlana deyir ki, get mənə su gətir.

Oğlan gedib su doldurur, tez gətirir ki, versin dərvişə. Görür ki, dərviş qızı təndirdən çıxarıb. Ancaq qız yanmayıb, başdan-ayağa qızıla çevrilib. Dərviş qızıla dönmüş qızı götürüb qaçır. Oğlan düşür dərvişin arxasınca, tuta bilmir. Kor-peşman qayıdır əvə. O gündən oğlanın heç bir işi düz gətirmir. Hara gedirsə, əliboş qayıdır. Yeməyə quru çörəyi də olmur.

Mənbə

[redaktə]