Dəryayi-muhit
Qalın mətn
Dəryayi-mühüt Müəllif: İmadəddin Nəsimi |
Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirri-əzəl oldu aşikar
Arif necə eyləsin müdar?
Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.
Tiryak mizacı tutdu ağu,
Lölöi-müdəvvər oldu daru.
Külli yerü gög həq oldu mütləq,
Söylər dəfü çəngü ney ənəlhəq.
Məscud ilə sacid oldu vahid,
Məscudi-həqiqi oldu sacid.
Hər qətrə mühiti-əzəm oldu,
Hər zərrə Məsihü Məryəm oldu.
Daşü kəsək oldu vərdi-nəsrin,
Fərhad ilə Xosrov oldu Şirin.
Məşuq ilə aşiq oldu bir zat,
Məhv oldu vücudi-nəfyü isbat.
İman ilə küfr bir şey oldu,
Dadlu ilə acı bir mey oldu.
Şirkət aradan götürdü vəhdət,
Vəhdətdən açıldı babi-rəhmət.
Can ilə tən oldu bir həqiqət,
Birikdi şəriətü təriqət.
Əşya ikilkdən oldu xali,
Baqi əhəd oldu layəzali.
Ey talib, əgər deyilsən əma,
Gör vədeyi-külli mən əleyha!
Rəf oldu hicab masivəllah,
Əlqüdrəti-vəl bəqai-lillah.
Qeyr odlu həlakü vəch qaldı,
Bəhr oldu şu kim, bu bəhrə daldı.
Gər açuq isə bəsirətin bax,
Gör səndə həqi vü getmə irax.
Gör sən səni kim, nə cismü cansan,
Məqsudi-vücudi-kün-fəkansan.
Çün möminə mömin oldu mirat,
Miratına baxü anda gör zat.
Hər kimsə ki, əsridi bu meydən,
Həyyi-əbəd oldu zati-heydən.
Nəfsini tanıdı, bildi rəbbi,
Tövhid yolunda əkdi hübbi.
Ey həqdən irağ olan əzazil,
Gər div degilsən, adəmi bil!
Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Şeytani-ləinə uyma zinhar,
Anın sözünə inanma, ey yar!
Həqdən sana latətəə gəldi,
Həm vəscüdü əqtərib denildi.
Çalındı qiyamətin nəfiri,
Ey sağır, eşitmədin səfiri.
Həşrin günü gəldi, uyxudan dur,
İnanmaz isən gözünü aç gör.
Uyxudan oyan ki, məhşər oldu,
Gör necə zəmanə pürşər oldu,
Sur ünün eşitmədi qulağın,
Dayındı bu köprüdən ayağın.
Nəşr oldu, oyan, quruldu mizan,
Həşr oldu, inan, bilindi yəzdan.
Çün məhrəmi – qul-kəfa degilsən,
Biganəsən, aşina degilsən.
Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı cahanı.
Yerdən çıxa gəldi dabətül-ərz,
Uş sirrini eylərəm sana ərz.
Həm xatəm ola əlində fərman,
Yə’ni ki, mənəm bu gün Süleyman.
Musa mənəm, uş əsa əlimdə,
Həqdən əzəli qılınc belimdə.
Müşrikdən edər müvəhhidi fərq,
Eyvah ana kim, işi ola zərq.
Xəlqin alına basar əsayı,
Yəni ki, bilin bu istivayı.
Neçün ki, bu istivadadır həq,
Ol maliki-mülkü həyyi-mütləq.
Həqdən bu sirati-müstəqimi
Bilgil ki, budur həqin nəimi.
Çün sən keçəsən bu istivadan.
Azad olasan qamu bəladan.
Həm cənnətü hurü həm liqadır,
Rəhman ilə ərşi-istivadır.
Üzün bu cəhətdən ola beyza,
Min fəzli-ilahəna təala.
Adəm degil, həqq oldu bilgil,
Məscudi-həqiqə səcdə qılgil.
Fəzl istər isən həqiqətə var,
Səy ilə dürüş və qılma zinhar.
Əlfazi-Nəsimi gör nə candır,
Dəryayi-mühitü kövnü kandır.