Dəyişdirir taleyi-qədəri, bəzən pul
Dəyişdirir taleyi-qədəri, bəzən pul! (1993) Müəllif: RAUF CAVAD |
Alır sevgini, verir kədəri bəzən pul!
Dəyişdirir taleyi-qədəri, bəzən pul!
Nə qəribədir, həm güldürür həm ağladır,
Sevindirir üzü bir təhəri, bəzən pul!
Əcəb şirin olur həyat yeyib-içərkən,
Aclıq bilmir, hiss etmir betəri, bəzən pul!
Yox insafı, yox vicdanı ki, nə düşünsün?!
Vurur ruh-cismə külli xətəri, bəzən pul!
Satır şərəfin kimlər?! Alçaq şərəfsizlər!
Şərəf verməz insana dəyəri, bəzən pul!
Nə qədər bilsə də İbliski, danar Həqqi,
İstəməz bəxş etsin xoş nəzəri, bəzən pul!
İşləmir səhv tərəzi, kordur iki gözü,
Çəkir dili acı kin-zəhəri, bəzən pul?!
Dil açır gözün yalan doğrur yalanları,
Zibilləyir yeri, tüm şəhəri, bəzən pul!
Ay camaat, deyin görək ki, bu nə dərddir?!
Döndərir zibilə kim xəzəri?! Bəzən pul?!
Vallah, düşmüşük zibilə xirtdəyə kimi!
Kim müqəssir bu gün, hər səhəri?! Bəzən pul?!
Yox, kəsilib ümid, çün düzəlməz ki, qozbel!
Kim edir bəşərə zülm-qəhəri?! Bəzən pul?!
Rauf, varmı Ümid gözdən itən Sevgiyə?!
Gətirib verməz ki, şad xəbəri, bəzən pul!