Dəyməmiş (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Dəyməmiş Müəllif: Aşıq Alı |
Kənardan qəlb ilə gəzirəm səni,
Dodaq gəlib gül yanağa dəyməmiş.
Çəkirəm əziyyət, gəz qabağımda,
Əl uzadıb gülün xara dəyməmiş.
O ala gözlərə mayıl olmuşam,
Gül yanağa bil ki, sayıl olmuşam,
Çəkdirsən dara da qayıl olmuşam,
Ox da gedib öz ovuna dəyməmiş.
Deyər Aşıq Alı, ay qoşa xallı!
Əmərəm ləbinnən ləbləri ballı,
Dərdini çəkirəm çox qilü-qallı,
Cənnət sənsən, səndə bara dəyməmiş.