Dağıstanda

Vikimənbə saytından
Jump to navigation Jump to search
Dağıstanda
Müəllif: Aşıq Musa
Mənbə: Aşıq Musa, "Əsərləri" (tərtib edəni:İslam Ələsgər), Bakı, "Elm və təhsil", 2013.

 
Ay ariflər, gəlin sizə söyləyim,
Gətirir bağçalar bar Dağıstanda.
Gül gülü çağırır, çiçək çiçəyi,
Alma Dağıstanda, nar Dağıstanda.

Dolandım çox yeri, mahalı gördüm,
Məhəbbət əhlidi, vəfalı gördüm.
Ha yana üz tutdum, səxalı gördüm,
Könlün nə istəsə var Dağıstanda.

Hər dağdan ucadı Alvızın dağı,[1]
Çar tərəfdən axır kövsər bulağı.
Çox etdim orada toyu, yığnağı,
Namus Dağıstanda, ar Dağıstanda.

Gözəlləri dəstə-dəstə gəzirlər,
Ay qabağa siyah tellər düzürlər.
Baxanda Musanın canın üzürlər,
Seçəydi özünə yar Dağıstanda.

Qeydlər[redaktə]

  1. Elbrus