Məzmuna keç

Dağıt "əmmə"ni

Vikimənbə saytından
Dağıt "əmmə"ni
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

"Əlif"in hökmüylə, "cim" fərmanıyla
Ara kəlmə-kəlmə, dağıt "əmmə"ni.
Vədəm tamamdısa, gəl al canımı,
Qurtar bu düyündən, dağıdan məni.

Şux gözəldə bir sinə var, bir incə,
Gördüm, dərdim oldu dağlar birincə.
Roğənəm, həddində yetir birincə,
Yandırıb keçirmə dağıdan məni!

Sağ dəstinlə dərdli sərim ov, sına!
Lazımdı ki, ovçusundan ov sına§.
Gözün təmənnası salıb ovsuna,
Şahmar tək endirir dağıdan məni.

Qürbətdə qalmışam, bir ay yarım var,
Qərib pəhlivanam, bir əyyarım var.
Lütf eylə, üstümə bir, ay yarım, var,
Dağılsın üstümdən dağıdan məni.

Ələsgərəm, bir dayım yox, bir əmim,
Dar günündə mədədkardı birə "mim".
Göz deyir ki, qoy ləbindən bir əmim,
Dil deyir: – Məclisi dağıt, əm məni!