Dağların (Miskin Abdal)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dağların
Müəllif: Miskin Abdal
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Adəmdən cavandı, Nurdan qocadı,
Bir sirdi, bilinməz yaşı dağların.
Tufana əyilməz, yada basılmaz,
Həmişə qar olar başı dağların.

“Əhvalı necədi? - bir səyyaddan sor,
Quşa cələ olur, ahulara tor,
“Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”,
Səs alar, səs verər quşu dağların.

Qüdrətdən yetibdi uca barata,
Sinəsi açıqdı elə, elata,
Mən Cüda Miskinəm, başımda xata,
Kəsib yollarımı qışı dağların.